Mixeil Çxenkeli azərbaycanlı həmkarı ilə görüşüb
Mixeil Çxenkeli azərbaycanlı həmkarı ilə görüşüb

 

Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli Azərbaycanın paytaxtı Bakıda işgüzar səfərdədir.

Gürcüstanın Təhsil Nazirliyi tərəfindən verilən məlumatda səfər çərçivəsində nazirin Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev ilə görüş keçirdiyi, görüş zamanı tərəflərin ölkələr arasında təhsil və elm sahəsində mövcud ikitərəfli əməkdaşlıq barədə danışdıqları və onların dərinləşdirilməsi perspektivlərini müzakirə etdikləri deyilir.

Mixeil Çxenkeli uzun illər səmərəli əməkdaşlığa görə həmkarına təşəkkür edib. Görüşdə tərəflər iki ölkə arasında Gürcüstanda Azərbaycan dilli məktəbləri və Azərbaycanda gürcü dilli məktəblərin ana dili və ədəbiyyat dərslikləri ilə təmin olunmasını nəzərdə tutan tərəfdaşlığı müsbət qiymətləndiriblər. Həmçinin, Milli Qiymətləndirmə və İmtahan Mərkəzi ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq da müsbət qiymətləndirilib, bu əməkdaşlıq çərçivəsində qeyri-gürcü dilli məktəblərin Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün fənn imtahan tapşırıqları hazırlanıb.

Qeyd etmək lazımdır ki, tərəflərin tərəfdaşlığı nəticəsində müəllimlərə karyera yüksəlişi və əmək haqqının artırılması imkanı yaradılıb. Görüşdə müəllimlərin kvalifikasiyasının yaxşılaşdırılması və peşə inkişafı istiqamətində təşviqinə, şagird və tələbələr üçün müxtəlif mübadilə proqramlarının təklif edilməsinə, gənclər üçün müxtəlif tədbirlərin təşkilinə də toxunulub. Mixeil Çxenkeli 2022-ci ilin fevralında Gürcüstan və Azərbaycan arasında təhsil və elm sahəsində imzalanmış memoranduma diqqət çəkib, bu memorandum ümumi təhsil, eləcə də peşə və ali təhsil sahələrində əməkdaşlığı nəzərdə tutur. Sənəd iki ölkənin akademik dairələri, ali təhsil müəssisələri və peşə məktəbləri arasında əlaqələrin gücləndirilməsinə, eləcə də bakalavriat səviyyəsində müvafiq ali təhsil müəssisələrində gürcü və Azərbaycan dili və ədəbiyyatının tədrisinə yardım edir. Emin Əmrullayev öz növbəsində Gürcüstanda yaşayan azərbaycanlılara dövlət dilinin öyrədilməsi baxımından dəstək olduqlarına görə Gürcüstan hökumətinə və şəxsən Mixeil Çxenkeliyə təşəkkürünü bildirib ki, bu da onlara Gürcüstan universitetlərində təhsil almaq və cəmiyyətə daha yaxşı inteqrasiya olmaq imkanı yaradır.