Mixeil Çxenkeli azərbaycanlı həmkarı ilə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edib
Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevi qəbul edib və onunla təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
Təhsil Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Mixeil Çxenkeli təhsil və elm sahələrində uzun illər məhsuldar əməkdaşlığa görə həmkarına təşəkkür edib. Görüşdə tərəflər iki ölkə arasında Gürcüstanda Azərbaycan dilli məktəblərin , Azərbaycanda isə gürcü dilli məktəblərin ana dili və ədəbiyyat dərslikləri ilə təmin olunmasını nəzərdə tutan tərəfdaşlığı müsbət qiymətləndiriblər.
” Həmçinin, Qiymətləndirmə və Milli İmtahan Mərkəzi ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlıq da müsbət qiymətləndirilib, əməkdaşlıq çərçivəsində qeyri-gürcü dilli məktəblərdə Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün fənn imtahanının tapşırıqları hazırlanıb.
Qeyd etmək lazımdır ki, tərəflər arasında əməkdaşlıq nəticəsində müəllimlərə karyeralarında irəliləyiş və maaşlarının artırılması imkanı yaradılacaq. Nazirlər iki ölkənin təhsil sistemlərinə dəstək üçün digər mexanizmlər barədə, o cümlədən müəllimlərin kvalifikasiyasının inkişafı və peşəkar inkişafının təşviqi istiqamətində, şagird və tələbələr üçün rəngarəng mübadilə proqramlarının təklif edilməsi və müxtəlif növ gənclər tədbirlərinin təşkilini müzakirə ediblər.
Mixeil Çxenkeli həmkarı ilə müvafiq ali təhsil müəssisələrində gürcü və Azərbaycan dillərinin və ədəbiyyatının tədrisini nəzərdə tutan ali təhsil və elm sahəsində əməkdaşlığın dərinləşdirilməsi və elmin inkişafı baxımından birgə elmi layihələrin həyata keçirilməsinin təşviqi məsələlərini müzakirə edib. Emin Əmrullayev Gürcüstanda yaşayan azərbaycanlılar üçün Gürcüstan universitetlərində təhsil almağa və cəmiyyətə daha yaxşı inteqrasiya olmağa imkan verən dövlət dilinin tədrisindəki dəstəyə görə Gürcüstan hökumətinə və şəxsən Mixeil Çxenkeliyə təşəkkür edib” – deyə Təhsil Nazirliyinin məlumatında deyilir.
Onların verdiyi məlumata görə, səfər çərçivəsində ümumi təhsil, eləcə də peşə və ali təhsil sahələrində əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb.
“Sənəd iki ölkənin akademik dairələri, ali təhsil müəssisələri və peşə məktəbləri arasında əlaqələrin gücləndirilməsinə, o cümlədən bakalavriat səviyyəsində müvafiq ali təhsil müəssisələrində gürcü və Azərbaycan dillərinin və ədəbiyyatının tədrisinə kömək edəcək”-deyə Təhsil Nazirliyinin məlumatında deyilir.
Sazişi Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli və Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev imzalayıblar.
Nazirlikdə keçirilən görüşdə Gürcüstanın təhsil və elm nazirinin birinci müavini Tamar Maxaraşvili, nazir müavini Valerian Qobronidze, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev və Azərbaycan deleqasiyasının nümayəndələri iştirak ediblər.