Mixeil Ğavelaşvili – Bu gün dövlətçilik təfəkkürümüzdə yeddi əbədi dəyər – Tanrı, Vətən, İnsan, Mülk , Dil, İnanc və Ailə mükəmməl şəkildə birləşir

18:37, 11.10.2026

Bu gün biz tarixi bir hadisə ilə əlaqədar toplaşmışıq — bu il bütün Gürcüstan xristianlığın dövlət dini elan edilməsinin 1700 illik yubileyini bayram əhval-ruhiyyəsi ilə qeyd edir. On yeddi əsr əvvəl millətimizin etdiyi bu son dərəcə mühüm mənəvi seçim gürcü xalqının mədəni kimliyini, dövlətçilik təfəkkürünü və tarixi yolunu əbədi olaraq müəyyən etmişdir, – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili “Tanrı, Vətən, İnsan” beynəlxalq simpoziumunun açılış tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əsrlər boyu Gürcüstan həm Şərqlə Qərb arasında coğrafi və sivilizasiya körpüsü, həm də mədəni və konfessional rəngarənkliliyin, fərqliliklərin harmonik şəkildə birgə yaşayışının unikal məkanı olmuşdur.

“Bizim tariximiz işğalçılarla daimi mübarizənin və azadlıq uğrunda döyüşün xronikasıdır. Bu çox çətin yolda, hər hansı bir müsibət zamanı Ana Kilsə gürcü millətinin dayağı olub — o, xalqı birləşdirib bir araya gətirir, vətənimizi, ana dilimizi, milli şüurumuzu və tarixi yaddaşımızı qoruyurdu.

Xristianlıq bizim üçün ən ağır sınaqlardan, fırtınalardan milli kimliyimizi qoruyub saxlayan mənəvi güc və intellektual dayaq olub, həmçinin bizə insan ləyaqətinin, vətən sevgisinin, azadlıq və məsuliyyətin bir-birindən ayrılmaz dəyərlər olduğunu öyrədib.

Müasir dünyanın dəyərlər böhranı və geosiyasi sarsıntılarla üz-üzə qaldığı bu gündə fundamental bir sual vermək bizim borcumuzdur: Gürcü dövləti, cəmiyyəti və insanın özü hansı təməllər üzərində bərqərar olmalıdır?” – Mixeil Ğavelaşvili qeyd edib.

Mixeil Ğavelaşvilinin bildirdiyinə görə, “Bu gün dövlətçilik təfəkkürümüzdə yeddi əbədi dəyər – Tanrı, Vətən, İnsan, Mülk, Dil, İnanc və Ailə mükəmməl şəkildə birləşir”.

“Müqəddəs İlianın (İlia Martali) XIX əsr milli triadasına və Ən Müqəddəs İkinci İlianın mənəvi irsinə əsaslanan bu yeddikomponentli unikal formula, zaman və məkan sərhədlərini aşır və gürcü milli təfəkkürünün çoxəsrlik ənənəsini — o cümlədən Şota Rustaveli və Veja Pşavelanın ölməz irsi kimi gürcü zəka və ruhunun ən uca zirvələrini orqanik şəkildə özündə birləşdirir.

Məhz bu yeddi rəmz şəxsiyyəti müəyyən edən təməli təşkil edir. Bu gün qloballaşma və süni intellekt dövrünün insan kimliyini dəyərsizləşdirməyə çalışdığı bir vaxtda, bu əbədi dəyərlər bizim mövcudluğumuzu qoruyan qalxanımız kimi çıxış edir. Bu ideallarla böyüyən gürcü gəncliyi cəmiyyətimizin daha çox qorunan, mütərəqqi, mənəvi baxımdan möhkəm və empatiyalı olmasının təminatıdır.

1700 il əvvəl əcdadlarımızın seçimi millətimizin əbədi varlığını müəyyənləşdirdi. Bugünkü çoxşaxəli çağırışlar fonunda müasir gürcü dövləti və onun strateji inkişafı məhz bu yeddi əbədi sütun üzərində ucalmalıdır.

Bu çoxəsrlik mənəvi xəzinəni və milli kimliyi gələcək nəsillərə xəsarətsiz ötürmək bizim ortaq borcumuzdur, çünki əsrlərin fırtınalarından keçərək bərkiyən bu irs güclü, vahid və suveren Gürcüstanın ən başda gələn zəmanətidir.

Tanrı Gürcüstanı qorusun”, – deyə Mixeil Ğavelaşvili bildirib.

Oxşar