Miqrasiya Departamentinin əməkdaşları xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində xarici ölkələrin 42 vətəndaşını saxlayıblar
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkə üzrə xüsusi immiqrasiya nəzarəti tədbirləri həyata keçiriblər.
DİN-in məlumatına görə, kompleks əməliyyatlar nəticəsində 42 xarici ölkə vətəndaşı – o cümlədən Özbəkistan, Banqladeş, Türkmənistan, Uqanda, Keniya, Nigeriya, Çin, Rusiya, Tailand, Türkiyə və Yəmən vətəndaşları saxlanılıb.
“Xüsusi immiqrasiya nəzarəti tədbirləri çərçivəsində departament əməkdaşları tərəfindən konkret məkanlar və müxtəlif təyinatlı obyektlər yoxlanılıb. Məqsəd Gürcüstanda qanuni əsas olmadan yaşayan xarici ölkə vətəndaşlarının aşkar edilməsi olub. Müəyyən edilib ki, saxlanılan şəxslər ölkədə ‘Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında’ qanunun tələblərini pozaraq qalırdılar.
Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti saxlama mərkəzində yerləşdirilib. Onların ölkədən çıxarılması üçün müvafiq prosedurlar aparılır”, – məlumatda bildirilir.