Mətbuatda yayılan məlumatda Avropa Şurası Parlament Assambleyasının qətnaməsində Rusiyanın terrorçu rejim elan edildiyi, assambleyanın həmçinin Rusiyanı öz qüvvələrini Gürcüstan və Moldovadan çıxarmağa çağırdığı bildirilir
Avropa Şurası Parlament Assambleyası Rusiyanı dövlət terrorçu rejimi elan edən qətnamə qəbul edib.
Media tərəfindən verilən məlumatda müvafiq sənədin lehinə 99 deputatın səs verdiyi, bir nəfərin isə bitərəf qaldığı deyilir. Qətnamənin adı “Rusiyanın Ukraynaya qarşı təcavüzünün növbəti eskalasiyası”dır.
Sənəddə deyilir ki, Rusiyanın təcavüzü cinayət, beynəlxalq hüququn pozulması, beynəlxalq sülh və təhlükəsizliyə əsas təhdid kimi pislənməlidir.
Avropa Şurası Parlament Assambleyası Rusiyanı Ukraynaya qarşı təcavüzünü dərhal və qeyd-şərtsiz dayandırmağa, işğalçı qüvvələrini Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə və qeyd-şərtsiz çıxarmağa çağırır.
Həmçinin assambleya üzvləri Rusiyanı öz qüvvələrini Gürcüstan və Moldovadan çıxarmağa çağırırlar. Bundan əlavə, Assambleya ATƏT-i Rusiyanın Gürcüstan və Moldovaya qarşı təcavüzünü müvafiq alətlərlə qiymətləndirməyi davam etdirməyə çağırır. Deputatlar Rusiyanı nüvə təhdidlərinə son qoymağa və nüvə silahından istifadə etməmək öhdəliyi götürməyə, həmçinin enerji resurslarından şantaj silahı kimi istifadəni dayandırmağa çağırırlar.
Bundan başqa, Parlament Assambleyası Avropa Şurası üzvlərini Ukraynaya qarşı təcavüz cinayətlərinin araşdırılması üçün xüsusi beynəlxalq tribunalın yaradılmasını sürətləndirməyə çağırır.