Mərkəzi Seçki Komissiyasının sədri 4 saylı Qori dairəsində seçki prosesi ilə tanış olub
Qori və Kaspi majoritar dairələrində parlament seçkiləri keçirilir. Rayonda 97 seçki məntəqəsi var ki, onlardan da 75 seçki məntəqəsində elektron texnologiyalar tətbiq olunacaq.
Rayon üzrə qeydə alınmış 134 066 seçici iki namizəd arasında seçim edəcək. Mandat uğrunda “Gürcü arzularından” Qiorqi Sosiaşvili və “Sosial ədalət naminə” partiyasından namizəd Mamuka Tuskadze mübarizə aparır.
Mərkəzi Seçki Komissiyası sədri Qiorqi Kalandarişvili Qoridə olub və 4 saylı Qori dairəsində seçki prosesini müşahidə edib.
“Bu seçkilər ona görə xüsusidir ki, seçki administrasiyası seçki texnologiyalarından geniş miqyasda innovasiya kimi istifadə edir. Əslində, bu seçki 2024-cü il seçkiləri üçün bələdçidir ki, biz iştirak edən tərəflərlə birlikdə aparatların işləməsini və səmərəli istifadənin aspektlərini praktikada görə bilək. Hazırda hər üç seçki dairəsində səsvermə heç bir problem olmadan davam edir. Seçicilər seçki administrasiyasının təklif etdiyi xidmətlərlə hər üç seçki dairəsində səs vermək imkanı əldə edəcəklər. Bunlar 2024-cü il parlament seçkilərində istifadə olunacaq xidmətlər olacaq. Biz risklərin qarşısının alınması və idarəetmə planı da daxil olmaqla beynəlxalq və Avropa standartlarına uyğun planlaşdırma həyata keçirmişik. Əminəm ki, komissiya üzvlərinin hazırlığı, seçici fəallığı və yeni texnologiyaların mənimsənilməsi 2024-cü il seçkilərinin yüksək səviyyədə keçirilməsinə təminat verəcək. 2024-cü ilə qədər seçicilərin 90 faizi bu texnologiyalar vasitəsilə xidmət alacaq. Qeyd etmək lazımdır ki, ənənəvi məntəqələrin bir hissəsində biz bir sıra müasirləşmə elementlərini nəzərə almışıq. Prosesdə böyük miqdarda ictimailik və şəffaflıq var”, – Qiorqi Kalandarişvili bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev