Merab Turava prezidentlə bağlı qərarın oktyabrın 16-dan gec olmayaraq Konstitusiya Məhkəməsinin zalında elan edilməsinin məqsədəuyğun olacağını hesab edir
Konstitusiya Məhkəməsinin sədri Merab Turava Konstitusiya Məhkəməsinin şifahi dinləmədə qəbul edilən istənilən qərarı zalda elan etdiyi üçün prezidentlə bağlı qərarın da Konstitusiya Məhkəməsinin zalında elan edilməsinin məqsədəuyğun olacağını deyir.
Merab Turava qərarın ən geci oktyabrın 16-da elan edilməsi gərəkdiyini bildirir.
“Sentyabrın 14-də qeydiyyata alınıb və sentyabrın 15-də plenuma verilib. Qərarın parlamentə göndərilməsinin son tarix və son günü 14 oktyabrdır. Oktyabrın 14-nün qeyri-iş günü olması səbəbilə, Gürcüstan Konstitusiya Məhkəməsinin Əsasnaməsinin 41-ci maddəsindən irəli gələrək, qərar birinci iş günü göndərilə bilər. Bu, oktyabrın 16-sı bazar ertəsidir. Konstitusiyada yazılıb ki, parlamentə göndərilir, lakin bizim ümumi qaydalarımıza əsasən, Konstitusiya Məhkəməsinin şifahi dinləməsində qəbul edilmiş istənilən qərarı zalda elan etdiyimiz üçün qərarın oktyabrın 16-dan gec olmayaraq zalda elan edilməsi məqsədəuyğun olardı”- Merab Turava bildirib.
Sentyabrın 12-də parlamentin 80 üzvü Gürcüstan Prezidentinin impiçmenti ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya təqdimatının ətraflı müzakirəsi oktyabrın 3-də başlayıb və oktyabrın 5-də başa çatıb. Konstitusiya təqdimatında müzakirə predmeti Gürcüstan Prezidentinin hökumətin razılığı olmadan xarici ölkələrə səfərlər həyata keçirməsi, rəsmi şəxslərlə işgüzar görüş və danışıqlar aparması şəklində ifadə olunan xarici əlaqələrdə nümayəndəlik səlahiyyətlərini həyata keçirməsi səbəbindən Gürcüstan Konstitusiyasının 52-ci maddəsinin 1-ci bəndinin “A” yarımbəndinin mümkün pozulması olub. Prezidentin Konstitusiya Məhkəməsindəki nümayəndələri Tamar Çuqoşvili və Maya Kopaleişvili olub.