Məntəqə seçki komissiyalarının sədrləri üçün sertifikat imtahanları sentyabrın 11-də başlayacaq
Məntəqə Seçki Komissiyasının sədrləri üçün sertifikat imtahanları sentyabrın 11-dən başlayır. Həyata keçirilən seçki islahatı çərçivəsində bu il ilk dəfə olaraq məntəqə seçki komissiyası sədrlərinin sertifikat imtahanları keçirilir.
MSK-nın məlumatına görə, islahata əsasən, sertifikata sahib olmaq məntəqə seçki komissiyalarının rəhbərlərinin seçilməsi üçün məcburidir (Gürcüstanın Seçki Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla) və bu, məntəqə seçki komissiyalarının daha da ixtisaslı kadrlarla təmin olunmasına kömək edəcək.
“Sertifikat imtahanlarının keçirilməsi üçün seçki administrasiyası kompleks işlər həyata keçirib. Bununla yanaşı arzu edənlərin istədikləri yerdə imtahan verə bilmələri üçün ölkənin müxtəlif bölgələrində müvafiq infrastruktur yaradılıb. Sertifikatlaşdırma imtahanı testləri hazırlanıb, imtahandan bir neçə ay əvvəl, hətta mayın 25-dən etibarən ictimaiyyətə açıqlanıb və maraqlananlar həm MSK-nın, həm də tədris mərkəzinin internet saytlarında onunla tanış olmaq imkanı əldə ediblər”, – MSK qeyd edir. .
İmtahanlar iki mərhələdə, sentyabr və oktyabr aylarında keçiriləcək. Müvafiq olaraq, sentyabr ayında imtahanda iştirak etmək istəyənlər sentyabrın 2-dən 8-dək register.cec.gov.ge saytında distant şəkildə qeydiyyatdan keçməli və ya aşağıdakı bələdiyyələrdəki imtahan mərkəzlərinə müraciət etməlidirlər: Mtsxeta, Borjomi, Axaltsixe, Saçxere, Zestaponi , Bağdati, Tkibuli, Kutaisi, Tskaltubo, Ozurqeti, Zuqdidi, Senaki, Batumi, Kobuleti, Poti, Şuaxevi. Oktyabr ayında keçiriləcək imtahanda iştirak etmək istəyənlər oktyabrın 14-dən 20-dək register.cec.gov.ge saytında distant şəkildə qeydiyyatdan keçməli və ya Tbilisi, Qori, Gürcaani, Siğnaği, Telavi, Rustavi, Bolnisi, Tetritskaro bələdiyyələrindəki imtahan mərkəzlərinə müraciət etməlidirlər. İmtahanlar isə oktyabrın 25-dən başlayacaq.
Sertifikat imtahanı elektron test üsulu ilə keçirilir və onun müddəti bir saatdır. Təsadüfi seçim üsulu ilə elektron proqramda imtahan üçün avtomatik olaraq 24 imtahan testi seçilir, hər bir imtahan testi üzrə düzgün cavab bir balla qiymətləndirilir. İmtahanda uğurlu olmaq üçün imtahan verən şəxs 15 bal toplamalıdır.
Sertifikatın etibarlılıq müddəti imtahandan keçdikdən sonra beş ildir. Yerli qeyri-hökumət və beynəlxalq təşkilatların qeyd olunan fəaliyyət növü üzrə müvafiq müddətlərdə akkreditasiyadan keçərək imtahan prosesini müşahidə etmək imkanı var. İmtahanlar haqqında ətraflı məlumat linkdə verilmişdir.
“Məntəqə seçki komissiyası rəhbərlərinin sertifikatlaşdırması ilə yanaşı, seçki administrasiyası yaxın vaxtlarda məntəqə seçki komissiyasının üzvlərini də sertifikatlaşdırmasını təmin edəcək”, – MSK qeyd edib.