Məntəqə seçki komissiyalarının rəhbər şəxslərinin və üzvlərinin seçimi müsabiqəsi elan edilib
Məntəqə seçki komissiyalarının rəhbər şəxslərinin və üzvlərinin seçimi müsabiqəsi elan edilib

 
Dairə seçki komissiyaları tərəfindən məntəqə seçki komissiyalarının rəhbər şəxslərinin və üzvlərinin seçimi müsabiqəsi elan edilib. MSK-nın məlumatına əsasən, 3030 seçki məntəqəsində seçicilərə ümumilikdə 51510 komissiya üzvü xidmət göstərəcək, dairə seçki komissiyaları onlardan 9090 rəhbər şəxs və 15150 üzv seçməlidir. Qalan 27 270 üzvü isə doqquz səlahiyyətli siyasi partiya təyin edəcək.

“Mərkəzi Seçki Komissiyası (MSK) nəzərinizə çatdırır ki, müsabiqədə iştirak etmək istəyənlər sentyabrın 2-dən sentyabrın 5-i də daxil olmaqla saat 10:00-dan 18:00-dək müvafiq dairə seçki komissiyasına müraciət etməlidirlər. Həmçinin, müraciətçi müsabiqə sənədlərini Konkursi.cec.gov.ge xüsusi elektron platforması vasitəsilə təqdim edə bilər.

Prosedurların sadələşdirilməsi məqsədilə MSK müraciətçilər üçün ərizə ilə bağlı tövsiyə formasını işləyib hazırlayıb, bu da dairə seçki komissiyalarında əlçatandır. Qeyd edilməlidir ki, qanunun tələblərinə uyğun olaraq, bu il ilk dəfə dairə seçki komissiyası sertifikatlaşdırılmış məntəqə seçki komissiyasının üzvlərini seçəcək.

Qanunvericiliyə daxil edilən dəyişikliyə əsasən, dairə seçki komissiyaları tərəfindən seçilmiş məntəqə seçki komissiyalarının üzvləri üçün sertifikatlara malik olmaq məcburi olub. Sertifikat almaq istəyənlərə maksimum köməklik göstərmək məqsədilə seçki administrasiyası bütün ölkə miqyasında bir neçə dəfə sertifikat imtahanları təşkil edib. İmtahanlar 2023-cü ilin sentyabrından 2024-cü ilin iyulu da daxil olmaqla 9 dəfə keçirilib. Məntəqə seçki komissiyasının rəhbər şəxsləri üçün beş imtahan (o cümlədən, etnik azlıqların dillərinə tərcümə edilmiş testlərdən istifadə etməklə keçirilən iki imtahan), məntəqə seçki komissiyasının üzvləri üçün isə dörd imtahan (o cümlədən, etnik azlıqların dillərinə tərcümə edilmiş testlərdən istifadə etməklə keçirilən iki imtahan). Ümumilikdə 34 000-ə qədər şəxs sertifikatlaşdırılıb.

Bununla yanaşı, son il yarım ərzində seçki administrasiyası potensial üzvlərin məlumatlandırılması və onların imkanlarının inkişafına yönəlmiş bir sıra maarifləndirici və tədris layihələri həyata keçirmişdir.

Burada qeyd etmək istərdik ki, mövcud təcrübədən irəli gələrək, maraqlı tərəflər tərəfindən məntəqə seçki komissiyalarının üzvlərinin seçimi prosesini gözdən salmaq cəhdini istisna etmirik. Vurğulayırıq ki, seçki administrasiyası öz fəaliyyətini qanunvericiliyə və beynəlxalq standartlara tam uyğun şəkildə həyata keçirir. İştirak edən tərəfləri əsassız və manipulyasiya xarakterli bəyanatlarla məntəqə seçki komissiyalarının komplektləşdirilməsi kimi seçki prosesinin belə mühüm mərhələsinə xələl gətirməməyə çağırırıq” – MSK-nın məlumatında deyilir.