Memarların və mühəndis-inşaatçıların sertifikatlaşdırılması 1 sentyabr əvəzinə 20 dekabrdan məcburi olacaq
Memarlar və mühəndis-inşaatçıların sertifikatlaşdırılması bu ilin 20 dekabrından etibarən məcburi olacaq. Bu normanın qüvvəyə minməsi əvvəlcə 1 sentyabr üçün nəzərdə tutulmuşdu, lakin tarix dəyişdirilib.
Parlamentə təqdim edilən qanun layihəsində qeyd olunur ki, hazırda memarlıq və konstruksiya layihələrinin təsdiqi və ekspertizası, həmçinin texniki nəzarət işlərini həyata keçirən şəxslərə 2026-cı il 20 dekabradək mövcud qaydalarla fəaliyyətlərini davam etdirmək imkanı veriləcək.
Qanun layihəsində bildirilir ki, sertifikatlaşdırma ilə bağlı dayandırılmış maddənin qüvvəyə minməsi təxirə salınmalıdır. Eyni zamanda, tikinti icazə sənədlərinin ekspert qiymətləndirilməsi və texniki nəzarətin müvəqqəti qaydalarla həyata keçirilməsi müddətinin də uzadılması məqsədəuyğun sayılır.
Beləliklə, müvəqqəti qayda ilə müəyyən edilən şəxslər sertifikatlaşdırılmış ekspertlərlə və akkreditə olunmuş yoxlama orqanları ilə birlikdə 2026-cı il 20 dekabradək texniki nəzarət və icazə sənədlərinin ekspertizasını həyata keçirə biləcəklər.