Məcburi köçkün ailələrin əmlakına yeni tikilmiş mənzillər pulsuz keçəcək, “Gürcüstanda istehsal et” proqramı çərçivəsində isə yeni polad zavodu fəaliyyətə başlayacaq

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərlik etdiyi Hökumət Administrasiyasında hökumət iclası keçirilib. Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin iclasının gündəminə 11 məsələ daxil edilib.

Hökumətin bugünkü iclasında 65 məcburi köçkün ailəsinə yeni tikilən mənzillərin pulsuz verilməsi ilə bağlı sərəncam təsdiq edilib. Bu mənzillər Kutaisi, Zuqdidi və Tbilisidə yerləşir.

Baş nazirin qeyd etdiyi kimi, məcburi köçkünlərin dəstəklənməsi, onların həyat şəraitinin yaxşılaşdırılması Gürcüstan hökumətinin mühüm prioritetlərindən biridir. 2012-ci ildən bəri ölkə üzrə minlərlə məcburi köçkün ailəsi artıq mənzil sahibi olub və bu proses fəal şəkildə davam etdiriləcək.

Hökumət bu gün həmçinin “Poladis saxli Ltd.” MMC-yə birbaşa satış üçün dövlətə məxsus daşınmaz əmlakın, Martkopi, Vaziani qəsəbəsində yerləşən qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin və onun üzərində yerləşən tikililərin özəlləşdirilməsi haqqında sərəncamı təsdiqləyib. “Gürcüstanda istehsal et” proqramı çərçivəsində iki il ərzində yaradılacaq polad məmulatı müəssisəsi 3 milyon 819 min 664 lari investisiya edəcək və 50 nəfəri işlə təmin edəcək.