Məhkəmə Soso Qoqaşvili barəsində qətimkan tədbirinin görülməsini müzakirə edir
Tbilisi Şəhər Məhkəməsi Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəis müavini Soso Qoqaşvili barəsində qətimkan tədbirinin görülməsini müzakirə edir.
Prokurorluq təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq həbs cəzasının verilməsini tələb edir.
Vəkilin sözlərinə görə, Qoqaşvili təqsirini boynuna almır. Müdafiə tərəfi bugünkü məhkəmə prosesində qətimkan tədbiri olaraq girov qərarının verilməsini tələb etməyi planlaşdırır.
Bununla yanaşı, prokurorluq şəxsi və məxfi materialları əks etdirən sənədlərə görə iclasın qapalı olmasını tələb edir.
Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları İoseb Qoqaşvilini iyulun 16-da həbs ediblər. Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin birinci hissəsi (vəzifəli şəxs tərəfindən dövlətin qanuni mənafeyinin əsaslı şəkildə pozulması ilə nəticələnmiş vəzifə səlahiyyətlərinin aşılması), 157-ci maddəsinin 4-cü hissəsi (vəzifə səlahiyyətlərindən istifadə etməklə, böyük zərərə səbəb olmuş şəxsi məlumatların qanunsuz olaraq əldə edilməsi, saxlanılması, yayılması) və 236-cı maddəsinin 3-cü hissəsi (qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə və saxlama) ilə ittiham irəli sürülüb. Bu isə cəza olaraq dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.