Məhkəmə keçən ilin oktyabrın 8-də Batumidə yaşayış binasının çökməsi faktı ilə əlaqədar saxlanılan üç nəfəri təqsirli bilib
Məhkəmə keçən ilin oktyabrın 8-də Batumidə yaşayış binasının çökməsi faktı ilə əlaqədar saxlanılan üç nəfəri təqsirli bilib

 

Batumi Şəhər Məhkəməsi şəhərdə ötən ilin oktyabrın 8-də 26 May küçəsində yerləşən yaşayış binasının çökməsi faktı ilə əlaqədar saxlanılan 3 şəxsi təqsirli bilib və barələrində həbs-qətimkan tədbiri seçib.

Mənzil sahibi Zaur Budaqov 4 il, ata və oğul Hüseyn və Qiorqi Surmanidzelər isə 3-3 il müddətinə azadlıqdan məhrum ediliblər.

“Yaşayış binasının girişinin uçmasına səbəb qanunsuz əlavə tikililər olub. Binada inşa edilmiş əlavə eyvanlar, yenidən dəyişiklik edilmiş mənzillər, məsələn, bir otaqlının iki otaqlıya çevrilməsinə və s. şahid ola bilərdiniz. Ekspertizanın rəyi ilə razı deyilik. Müvəkkilimlə bağlı verilmiş hökmü mütləq şikayət edəcəyik” – deyə mənzil sahibinin vəkili Ramin Papidze bildirib.

Batumidə, 26 May küçəsində yerləşən yaşayış binasının bir hissəsi oktyabrın 8-də , təxminən saat 12:00-da uçub.
9 nəfər həlak olub, 1 nəfər yaralanıb. Daxili İşlər Nazirliyi binanın uçması faktı ilə bağlı aparılan araşdırmalar çərçivəsində 3 nəfəri saxlayıb. Prokurorluq onlar barəsində tikinti işləri zamanı insanların ölümü və ağır nəticələrlə müşaiyət olunan təhlükəsizlik qaydalarının pozulması ilə ittiham irəli sürüb.

Ekspertiza rəyinə əsasən, evin uçmasına mənzilin rekonstruksiyası zamanı dayaq divarlarının dəyişdirilməsi səbəb olub.