Məhkəmə islahatı ilə əlaqədar işçi qrupunun ilk iclası bu gün keçiriləcək
Avropa İttifaqının rekomendsiyalarından irəli gələrək daha bir məhkəmə islahatı üzərində işə başlanılır. İslahatın həyata keçirilməsi məqsədilə bu gün işçi qrupunun ilk iclası keçiriləcək. İclasa parlamentin sədri Şalva Papuaşvili sədrlik edəcək. Bugünkü iclas daha çox texniki xarakter daşıyacaq, konkret gündəm tərtib olunacaq.
Müxalifətin bir hissəsi iclasda iştirak etməyi planlaşdırır. Onlar arasında “Qırçi”, “Vətəndaşlar”, “Avropalı Sosialistlər”, “Gürcüstan Naminə” partiyaları var. “Respublika Partiyası”nın sədri Xatuna Samnidze də prosesdə iştirak etməyi planlaşdırır. Parlament müxalifətinin ikinci hissəsi “Gürcü Arzusu”na etimadsızlıq elan edir və partiyadan prosesə qoşulmaq üçün konkret güzəştli addımlar tələb edir.
Parlament çoxluğunun üzvü Beka Davitulianinin Gürcüstanın Birinci Kanalına da qeyd etdiyi üzrə, hakim komanda onlardan asılı olan bütün rekomendasiyaları yerinə yetirməyə və məhkəmə islahatlarını davam etdirməyə hazırdır.
“Biz rekomendasiyaları həyata keçirmək üçün motivasiyalıyıq və 11,5 addım atacağıq, yarım addımın atılmasını digər siyasi qruplardan gözləyəcəyik. Depolarizasiyanı nəzərdə tutan yarım addımı onlar yerinə yetirməlidirlər, lakin ilk gündən radikallaşdırmanı və qütbləşməni dərinləşdirməyə çalışırlar. Onların məramı bu mövzudan daxili siyasi məqsədlər üçün istifadə etmək və seçkilərdən yan keçməklə hakimiyyəti ələ keçirməkdir, onların bu şansı olmayacaq”-deyə Davituliani bildirib.