Məhkəmə 14 yaşlı Aytac Şahmarovanın anasını 3 il, dayısını isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib
Rustavi Şəhər Məhkəməsinin hakimi Maia Şoşiaşvili 14 yaşlı Aytac Şahmarovanın qəsdən öldürülməsi işi üzrə, nikaha daxil olmağa məcburetmə və cinayət barədə məlumat verməmə faktları ilə əlaqədar saxlanılan azyaşlının anası və dayısını təqsirli bilib.
Natiq Məhərrəmov və Yeganə Məhərrəmova işin hər iki hissəsi üzrə təqsirli biliniblər. Natiq Məhərrəmov 3 il 6 ay, Yeganə Məhərrəmova isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə iclasında Aytac Şahmarovanın anası son sözünü deyib. O, günahsız olduğunu, əksinə, işdə zərərçəkmiş olduğunu bildirib.
2023-cü ilin oktyabrın 11-də prokurorluğun tələbi əsasında hakim Madonna Maisuradze Natiq Məhərrəmov və Yeganə Məhərrəmova barəsində həbs qətimkan tədbiri seçib. Qətlə yetirilən Aytac Şahmarovanın anası və dayısı aylar boyunca prokurorluğun irəli sürdüyü ittihamı boyunlarına götürməyib və məhkəmə iclasında qızın heç bir məcburiyyət olmadan öz istəyi ilə ailə qurduğunu deyirdilər.
Aytac Şahmarovanı qətlə yetirməkdə təqsirləndirilən Asim Aslanov cinayətdən sonra gizlənib, ancaq hüquq-mühafizə orqanlarının əməkdaşları onu bir neçə günə saxlayıblar. İstintaqın məlumatına əsasən, onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “e”, “t” və “k” yarım bəndləri ( yetkinlik yaşına çatmayan ailə üzvünü qəsdən öldürmə, gender əsaslı törədilmiş ), 236-cı maddəsinin 4-cü hissəsi (qanunsuz olaraq odlu silah gəzdirmə) və 143-cü maddəsinin 3-cü hissəsinin “d” yarım bəndi (cinayətkar tərəfindən əvvəlcədən bilərəkdən yetkinlik yaşına çatmayan şəxsin azadlığını qanunsuz şəkildə əlindən alma) ilə ittiham irəli sürülüb, bu da cəza olaraq 16 ildən 20 ilədək müddətə və ya ömürlük həbs cəzasını nəzərdə tutur.
Oktyabrın 6-da Saqareconun Ləmbəli kəndində 14 yaşlı Aytac Şahmarova qətlə yetirilib. Qətlə yetirilən azyaşlı Dmanisinin Məmişli kəndindən olub.