Medikamentlərin qiymətinin yuxarı həddi ilkin olaraq xroniki xəstəliklərin dərmanları üçün tətbiq ediləcək, tədricən isə digər dərman qruplarına da şamil ediləcək
Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib. Nazirlər Kabinetinin üzvləri Hökumət Administrasiyasında keçirilən iclasda on məsələni müzakirə ediblər.
Müzakirə olunan məsələlər arasında Gürcüstanın – “Dərman vasitələri və əczaçılıq fəaliyyəti haqqında” qanun layihəsinə dəyişiklik və ondan irəli gələn qanun layihələri də olub. Konkret olaraq, 2023-cü ildən etibarən dərman vasitələrinin qiymətinin yuxarı həddi tətbiq ediləcək – dövlət maksimum qiymət həddini müəyyən edəcək, bu qiymətdən yuxarı dərman satışına icazə verilməyəcək, bu da dünyada geniş yayılmış təcrübədir. İslahatın məqsədi keyfiyyətli dərman vasitələrinin əlçatanlığını artırmaq, ədalətli qiymətləri, rəqabətli və şəffaf əczaçılıq bazarını təmin etməkdir. İlkin hesablamalara görə, istinad qiymətlərinin tətbiq edilməsi, orta hesabla, dərmanların dəyərini 40 faiz aşağı salacaq.
Birinci mərhələdə xroniki xəstəliklər üçün dərman vasitələrinə istinad qiymətləri tətbiq ediləcək və tədricən isə qiymətlərin tənzimlənməsi mexanizmi digər dərman qruplarına da şamil ediləcək.
“Qeyd etmək lazımdır ki, hökumətin təşəbbüsü ilə 2022-ci ilin mart ayından Türkiyənin dərman bazarı açılıb və bununla da Gürcüstanda dərmanların qiyməti 60-80 faiz ucuzlaşıb. Nəticədə, hər il 100 minə qədər ölkə vətəndaşı təxminən 200 milyon lariyə qənaət edəcək, istinad qiymətlərinin tətbiq edilməsi isə dərmanların əlçatanlığını daha da yaxşılaşdıracaq” -deyə Hökumət Administrasiyasının mətbuat xidmətindən bildirilib.
Həmçinin, “Ümumi səhiyyəyə keçidlə bağlı həyata keçiriləcək bəzi tədbirlər haqqında” 21 fevral 2013-cü il tarixli 36 nömrəli qərara dəyişiklik də müzakirə olunan məsələlər sırasında olub.
“Belə ki, Ümumi Səhiyyə Proqramında insultdan sonrakı reabilitasiya, baş və onurğa beyni travması nəticəsində inkişaf etmiş vəziyyətin reabilitasiya proqramı aktivləşdiriləcək, bu da pasiyentlərə funksional qabiliyyətləri vaxtında bərpa etmək və ciddi məhdudiyyətlərin yaranmasının qarşısını almaq imkanı verəcək. Proqram tam reabilitasiya kursunu əhatə edir. İnsult , baş və onurğa beyni travması sonrası reabilitasiya komponentinin bir aylıq büdcəsi 919 250 lari təşkil edir. Proqramların illik büdcəsi isə 11 milyon laridir.
Qeyd etmək lazımdır ki, 2023-cü ildən işğal olunmuş ərazilərdən olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin büdcəsi təqribən 770 milyon lari artacaq ki, bu da nazirliyə həm ümumi səhiyyənin, həm də digər hədəf proqramların maliyyələşdirilməsini artırmağa imkan verəcək ” -deyə Hökumət Administrasiyasının məlumatında deyilir.