Medianın məlumatına əsasən, Rusiyanın ilhaq etdiyi Sevastopolda raket hücumu təhlükəsi bu gün iki dəfə elan edilib, şəhərdəki bütün sığınacaqlar yoxlanılacaq
Medianın məlumatına əsasən, Rusiyanın ilhaq etdiyi Sevastopolda raket hücumu təhlükəsi bu gün iki dəfə elan edilib, şəhərdəki bütün sığınacaqlar yoxlanılacaq

Bu gün Rusiyanın ilhaq etdiyi Sevastopolda iki dəfə raket hücumu təhlükəsi elan edilib. Məlumatı BBC-nin rusdilli bürosu yayıb.

Rusiya tərəfindən təyin olunmuş Sevastopol qubernatoru Mixail Razvojayevin sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sistemi raketlərdən birini vura bilib və onun dağıntıları sahilə yaxın yerə düşüb. Onun sözlərinə görə, xüsusi xidmət orqanları hadisə yerində olub.

Eyni zamanda, Razvojayevin sözlərinə görə, Sevastopolda vətəndaşların raket hücumları zamanı getməli olduğu bütün sığınacaqların yoxlanılmasına başlanılacaq.

Məlumat üçün bildirək ki, sentyabrın 22-də Ukrayna Rusiyanın ilhaq etdiyi Krım yarımadasına raket hücumu həyata keçirib. Kiyevin hədəfi Rusiya Qara Dəniz Donanmasının qərargahı olub. Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının nümayəndələrinin sözlərinə görə, hücum qərargahda hərbi komandirlərin iclası keçirilən zaman həyata keçirilib.

“Nəticədə donanmanın ali rəhbərliyi də daxil olmaqla, onlarla işğalçı həlak olub və yaralanıb”, – Ukrayna hərbçiləri bildirib.

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov bir müddət əvvəl “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, Sevastopola raket hücumu nəticəsində azı 9 nəfər ölüb, 16 nəfər yaralanıb. Onların arasında rus generalları da var.

Rusiya tərəfi Ukrayna hərbçilərinin açıqlamalarını təsdiqləmir. Rusiya Müdafiə Nazirliyi Qara dəniz donanmasının binasına dəyən ziyanı və bir hərbçinin itkisini təsdiqləyir.