Media tərəfindən yayılan məlumatda Polşa, Estoniya, Almaniya, Litva və Latviya hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində ikisi Gürcüstan vətəndaşı olmaqla, cinayətkar qrupun 23 üzvünün saxlanıldığı deyilir
Polşa, Estoniya, Almaniya, Litva və Latviyanın hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində Belarusdan Avropa İttifaqı ərazisinə qanunsuz olaraq miqrantları keçirən cinayətkar qruplaşmanın üzvləri yaxalanıb.
Media tərəfindən verilən məlumatda sözügedən əməliyyatın “Europol”un koordinasiyası ilə həyata keçirildiyi deyilir. Saxlanılanlar arasında istintaqın Belarusdan Avropa İttifaqı ərazisinə miqrantların qanunsuz daşınması şəbəkəsinin təşkilatçısı hesab etdiyi 51 yaşlı polşalı da var.
Medianın verdiyi məlumatda eyni iş üzrə iki Gürcüstan vətəndaşı, səkkiz polyak, doqquz ukraynalı, iki tunisli, bir iraqlı və bir belaruslu olmaqla ümumilikdə 23 nəfərin saxlanıldığı qeyd olunub. Məhkəmə 15 nəfər barəsində qətimkan tədbiri olaraq ilkin həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. İstintaqı Lublin polisi aparır.
Bununla yanaşı, “Europol”un yaydığı məlumatda yanvar ayından bəri ümumilikdə 61 nəfərin miqrantları Avropa İttifaqına qeyri-qanuni yolla daxil etməyə cəhd etdiklərinə görə saxlanıldığı qeyd olunub. İstintaqın məlumatına görə, əsasən Suriya və Türkiyə vətəndaşlarının da olduğu cinayətkar qruplar müxtəlif qanunsuz dəhlizlər vasitəsilə İraqdan vətəndaşları Avropa İttifaqının ərazisinə daşıyıblar. “Europol”un yaydığı məlumatda cinayətkarların bir vətəndaşın daşınması üçün 3000-15000 avro tələb etdikləri qeyd olunub. Ümumi pul axını 16 milyon avro olaraq qiymətləndirilir.