Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentlik Zğuderi Müqəddəs Georgi kilsəsi ilə bağlı bəyanat yayıb
Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyin məlumatına görə, Agentliyin Mədəni İrsin Monitorinqi Xidməti ötən il Kareli bələdiyyəsinin Zğuderi kəndində yerləşən mədəni irs abidəsi – Müqəddəs Georgi kilsəsinin qalıqları üzərində yeni məbədin icazəsiz tikintisi faktını aşkar edib.
Bəyanatda qeyd olunur ki, Agentlik dərhal reaksiya verərək işlərin dayandırılması tələbi ilə tikintini həyata keçirən Ruisi-Urbnisi Yeparxiyasına rəsmi məktub ünvanlayıb. Vəziyyət barədə abidənin sahibi olan Gürcüstan Patriarxlığı da məlumatlandırılıb.
“Milli Agentliyin Monitorinq Xidməti ərazidəki vəziyyəti yenidən qiymətləndirəcək, bundan sonra qanunvericiliklə nəzərdə tutulan tədbirlər görüləcək.
Agentlik bütün maraqlı tərəfləri qanunvericiliyin tələblərinə uyğun davranmağa və tarixi abidələrin zədələnməsinə və ya məhv edilməsinə yol verməməyə çağırır”, – deyə Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentlikdən bildirilib.