"Massive Attack" iyulun 28-də Black Sea Arena səhnəsində çıxış edəcək
"Massive Attack" iyulun 28-də Black Sea Arena səhnəsində çıxış edəcək

“Starring Georgia” çərçivəsində iyulun 28-də “Black Sea Arena” Britaniyanın əfsanəvi “Massive Attack” layihəsinə ev sahibliyi edəcək.

Konsert biletlərinin satışı sabah, aprelin 25-dən TKT.ge saytında başlayacaq.

“Black Sea Arena”nın məlumatına görə, Gürcüstanda ilk dəfə olaraq dinləyicilər “Teardrop”, “Unfinished Sympathy”, “Paradise Circus” kimi məşhur bəstələri canlı dinləmək imkanı əldə edəcəklər.

“Qrupun tədbirləri çox vaxt audio-vizual teatr tamaşalarına bənzəyir, çünki “Massive Attack” həmişə onların yaradıcılığını real və gündəlik həyatın detalları ilə əlaqələndirməyə çalışır.

“Massive Attack” hip-hop, elektronika, dub və bir çox digər musiqi janrlarını ahəngdar şəkildə qarışdırmaq bacarığı ilə tanınır. Onların yaradıcılığı musiqidə bütün sərhədləri aşır. Nəticədə Bristolda yerləşən qrup bütün dünyada, o cümlədən Gürcüstanda ən böyük sadiq azarkeşlər ordusunu yaradıb”, – deyə “Black Sea Arena”nın məlumatında qeyd olunur.

Gürcüstan hökumətinin dəstəyi ilə “Black Sea Arena” Gürcüstanda genişmiqyaslı “Starring Georgia” kampaniyasını artıq ikinci ildir davam etdirir. Kampaniyanın əsas məqsədi gürcü gənclərinin öz ölkələrində öz sevimli musiqiçilərini dinləmələrini əlçatan etmək, ölkənin əyləncə sənayesini inkişaf etdirmək və Gürcüstanın tanıtımını təbliğ etməkdir.