Marko Rubio bildirir ki, ABŞ BMT Baş Assambleyasında İran nümayəndə heyəti ilə danışıqlara açıqdır, lakin hazırda tərəflər arasında hər hansı görüş planlaşdırılmayıb
ABŞ BMT Baş Assambleyasında İran nümayəndə heyəti ilə danışıqlara açıqdır, – bu barədə ABŞ Dövlət Katibi Marko Rubio bildirib.
Bununla yanaşı Rubio qeyd edib ki, hazırlığa baxmayaraq, hazırda ABŞ və İran nümayəndə heyətləri arasında görüş planlaşdırılmayıb.
“Bu mərhələdə hər hansı bir şeyin planlaşdırıldığını düşünmürəm, lakin biz, xüsusilə də əgər müsbət bir nəticəyə gətirib çıxarmaq perspektivi varsa və son məqsədə çatmağımıza kömək edəcəksə, belə bir şeyə mütləq açığıq”, – Rubio bildirib.
ABŞ Dövlət Katibi bir daha təkrarlayıb ki, ABŞ İranın nüvə silahına sahib olmasına icazə verməyəcək.
Məlumat üçün bildirək ki, İran Prezidenti Məsud Fəzəşkian BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gəlib. Onunla birlikdə, Baş Assambleyada iştirak etmək üçün BMT-nin mənzil-qərargahına gələn xarici işlər naziri Abbas Əraqçi də İran nümayəndə heyətinin üzvləri arasındadır.