Mark Rutte – Bu gün Avropada sülh yoxdur
Bu gün Avropada sülh yoxdur, – bu barədə NATO-nun baş katibi Mark Krute bildirib.
Ruttenin sözlərinə görə, Avropa Ukraynada davam edən tammiqyaslı müharibə və qitədə Rusiya tərəfindən törədilən zərərli hibrid hücumların artan sayı ilə qarşı-qarşıyadır.
“Bu ağır itkilərə baxmayaraq, Putin müharibəni bitirmək üçün heç bir istək nümayiş etdirmir. Əksinə, o, hazırda müharibəni daha da gücləndirir. Gəlin dürüst olaq: bizim ölkələrimiz hədəfdədir. Bütün Avropada Rusiyanın zərərli hibrid hücumlarının siyahısı hər gün daha da böyüyür. Biz bilirik ki, bu hücumlar Rusiyadakı çarəsizliyin əlamətidir. Putin Ukraynada istədiyi nəticəni əldə edə bilmir və buna görə də bizi cəzalandırmaq istəyir. Putin bizi qorxutmaq və parçalamaq istəyir, lakin buna nail ola bilməyəcək. Onun bu düşmənçilik hərəkətlərinə bizim cavabımız isə Ukraynaya daha çox dəstək verməkdir”, – Rutte bildirib.
Onun sözlərinə görə, avropalı liderləri “uzun bir yol” gözləyir, çünki Rusiyanın “yaxşı işləyən hərbi maşını” yaxın gələcəkdə dayanmayacaq, Çinin hərbi modernizasiyası və texnoloji inkişafı isə sürətini azaltmaq niyyətində deyil.
“Sabahkı günün bizə nə gətirəcəyini dəqiq bilmirik. Lakin bilirik ki, bir-birimizi qoruyacağıq və birimizə edilən hücum hamımıza qarşı edilmiş hücum deməkdir. Məhz bu prinsip və onu qorumaq barədə sarsılmaz qətiyyətimiz artıq 75 il ərzindən çoxdur ki, sülhümüzü qoruyub saxlayır”, – NATO-nun Baş katibi qeyd edib.