Mamuka Xazaradze, Qiorqi Qaxarianın partiyası ilə seçki birliyi ilə əlaqədar danışıqların hələ başa çatmadığını bildirir
Mamuka Xazaradze, Qiorqi Qaxarianın partiyası ilə seçki birliyi ilə əlaqədar danışıqların hələ başa çatmadığını bildirir

 
“Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradze, Qiorqi Qaxarianın partiyası ilə seçki birliyi ilə əlaqədar danışıqların davam etdiyini bildirir.

“Biz danışıqları bitirməmişik. Bəzi texniki məsələlər var. Sizə deyə bilərəm ki, danışıqlar bitməyib. Biz daha bir fasilə götürdük, danışacağıq və nəticə barədə ilk sizə məlumat verəcəyik” – Xazaradze Prezident Administrasiyasını tərk etdikdən sonra qeyd edib.

Mamuka Xazaradze bildirib ki, bir çox məsələlərdə fikir ayrılığına baxmayaraq, “Gürcü Arzusu”nun hakimiyyətdən getməsi üçün hər şeyi edəcəkləri barədə razılaşıblar.

“İlk növbədə, xanım prezidentə, eləcə də Qiorqiyə təşəkkür etmək istəyirəm. Təkbətək görüşdük, çox məsələlər haqqında danışdıq. Keçmişdən danışdıq, amma ən əsası gələcək haqqında danışdıq. Ölkə yol ayrıcındadır, ölkəmizi çox ciddi problem və təhlükə təhdid edir. Bu, ya rus seçimidir, ya da bizim azadlığımızın seçimi, Avropalı seçimidir. Bu mövzu haqqında danışdıq. Bundan irəli gələrək, əlbətdə, bir çox məsələlərlə əlaqədar fikir ayrılığımıza baxmayaraq, Bidzina İvanişvilinin rəhbərliyi ilə “Gürcü Arzusu”nu hakimiyyətdən göndərmək və ölkəni çox sürətlə Avropalı inkişaf yoluna salmaq məqsədilə tam səfərbər olmaq üçün hər şeyi edəcəyimizlə bağlı razılaşdıq” – Mamuka Xazaradze bildirib.

Bununla yanaşı, Mamuka Xazaradze jurnalistlərin suallarına cavab verərkən qeyd edib ki, Qiorqi Qaxaria ilə keçmişdə, məsələn, Anaklia layihəsi ilə bağlı qarşıdurmanı inkar etmir.

“Qarşıdurma olmuşdu, mən bunu inkar etmirəm. Yadınızdadır, qarşıdurma çox vacib bir layihə – Anaklia ilə bağlı idi. Biz razılaşmalıyıq ki, Anaklia mütləq inşa edilməli və Avropa və Amerika sərmayələri ilə tikilməlidir. Əlbətdə, çinlilər də bu layihədə ola bilərlər, lakin bu razılaşmanın olduğu əsas maddədir” – Mamuka Xazaradze bildirib.

Bununla yanaşı, Mamuka Xazaradze qeyd edib: “Əgər siz eyni məktuba, eyni Anaklia məsələsinə, başqa əhvalata aid başqa məsələləri nəzərdə tutursunuzsa, mənim mövqeyim ondan ibarətdir ki, bütün bu məsələlər müstəqil prokurorluq və məhkəmə şəraitində müəyyən edilməlidir, iyunun 20-si və ya başqa məsələ olsun, mən və cənab Qaxaria əminəm ki, əməkdaşlıq etməliyik”.