Maka Boçorişvili – Yüksək səviyyəli səfərlər Gürcüstanla Mərkəzi Asiya arasında tərəfdaşlığı gücləndirir
Maka Boçorişvili: Yüksək səviyyəli səfərlər Gürcüstanla Mərkəzi Asiya arasında tərəfdaşlığı gücləndirir
Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Tacikistan Respublikasında Gürcüstanın Baş nazirinin səfərini dəyərləndirib.
Onun sözlərinə görə, bu səfər iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi istiqamətində atılmış mühüm addımdır. Maka Boçorişvilinin qiymətləndirməsinə əsasən, yüksək səviyyəli səfərlər həm iqtisadi və ticarət əlaqələrinin, həm də müxtəlif sahələrdə tərəfdaşlığın gücləndirilməsi üçün əlavə imkanlar yaradır.
“Baş nazirin Tacikistana səfəri iki ölkə arasındakı münasibətlər baxımından mühüm addımdır. Yüksək səviyyəli səfərlərin qarşılıqlı mübadiləsi münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafını müzakirə etmək üçün yaxşı imkan yaradır”, – deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.
Nazir həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın regional bağlantıların və tranzit funksiyasının inkişafı baxımından əhəmiyyətinə diqqət çəkib.
“Mərkəzi Asiya ölkələri ilə münasibətlər ümumilikdə bizim üçün vacibdir və prioritet hesab olunur. Çünki Gürcüstan həmin ölkələr üçün mühüm tranzit ölkəsidir. Bu kontekstdə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi zəruridir. Həmçinin Mərkəzi Asiya ölkələri ilə beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq da bizim üçün maraqlıdır. Bu baxımdan, sözügedən səfər münasibətlərimizin inkişafına və möhkəmlənməsinə töhfə verəcək”, – deyə Maka Boçorişvili qeyd edib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze rəsmi səfərlə Tacikistan Respublikasına yola düşüb. Səfər çərçivəsində onun tacik həmkarı ilə təkbətək və geniş tərkibdə görüşləri planlaşdırılıb. Həmçinin Gürcüstan hökumətinin başçısını Prezident Sarayında Tacikistan Prezidenti Emoməli Rəhmon qəbul edəcək.