Maka Boçorişvili - Biz Avropa perspektivlərini açmalıyıq və Aİ-Gürcüstan münasibətlərində yeni formatlar yaratmalıyıq
Maka Boçorişvili - Biz Avropa perspektivlərini açmalıyıq və Aİ-Gürcüstan münasibətlərində yeni formatlar yaratmalıyıq

Gürcüstan Parlamentinin və Avropa Parlamentinin Daimi Nümayəndəliklərinin iştirakı ilə Brüsseldə Avropa Parlamentində həmsədrlər Maka Boçorişvili və Marina Kaliurandın sədrliyi ilə Aİ-Gürcüstan Parlament Assosiasiyası Komitəsinin onuncu iclası keçirilib.

İclasda Aİ-Gürcüstan əməkdaşlığının gündəmi, əldə edilmiş tərəqqi və gələcək perspektivlər müzakirə edilib.

“Təhlükəsizliyin pisləşməsinə, Covid-19 ilə bağlı problemlərə, Rusiyanın Gürcüstan ərazilərini işğalını davam etdirməsinə və hibrid təhdidlərə baxmayaraq, Gürcüstan Aİ tərəfdaşı kimi Aİ ilə siyasi assosiasiya və iqtisadi inteqrasiya üçün zəruri olan geniş spektrli demokratik və institusional islahatlar həyata keçirir.

Biz Assosiasiya Sazişinin böyük potensialından tam istifadə etmək istəyirik. Bunun üçün biz Aİ ilə tədricən siyasi, iqtisadi və sektoral inteqrasiyanı, o cümlədən Aİ-nin vahid bazarına inteqrasiyanı yeni səviyyəyə qaldırmağa hazırıq”, – Maka Boçorişvili bildirib.

Aİ-Gürcüstan Parlament Assosiasiyası Komitəsinin həmsədri Maka Boçorişvili Assosiasiya Sazişinin həyata keçirilməsində parlamentin roluna və bu istiqamətdə qanunvericilik təşəbbüslərinə və dəyişikliklərə diqqət çəkib.

Gürcüstan nümayəndə heyəti Gürcüstanda demokratik islahatların möhkəmləndirilməsi və fundamental azadlıqların qorunması, Aİ-Gürcüstan Assosiasiya Sazişinin, o cümlədən Dərin və Hərtərəfli Azad Ticarət Sazişinin icrası, bu prosesdə əldə olunan nailiyyətlər və çətinliklərdən danışıb. Komitənin iclası çərçivəsində Gürcüstanın Avropa İttifaqına sektoral inteqrasiyası prosesi də diqqət mərkəzində olub. Gürcüstanın Aİ-nin vahid rəqəmsal bazarına inteqrasiyası üçün addımlar və perspektivlər, o cümlədən ətraf mühit və Avropa “Yaşıl Saziş” ilə bağlı məsələlər müzakirə edilib.

“Avropa İttifaqına inteqrasiya üçün təkcə Aİ sazişi üçün nəzərdə tutulan imkanlar kifayət etmir, biz Avropa perspektivlərini açmalıyıq, Aİ-Gürcüstan münasibətlərində yeni formatlar yaratmalıyıq. Bunun üçün müxtəlif səviyyələrdə ekspert və siyasi dialoqa şərait yaratmalıyıq. Dialoqun gücləndirilməsi zərurəti Gürcüstan hökumətinin Aİ-yə gedən yolda konkret addım atmağı qarşısına məqsəd qoyduqdan və 2024-cü ildə Aİ-yə üzvlük üçün müraciət etmək qərarına gəldikdən sonra daha da aydın oldu”, – Maka Boçorişvili bildirib.

Komitənin iclasında icra hakimiyyətinin rəhbərləri Gürcüstanın işğal olunmuş ərazilərində vəziyyət və hökumətin sülh siyasəti haqqında məruzə ilə çıxış ediblər. Avropa Parlamentinin üzvləri Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə və Gürcüstanın işğal olunmuş ərazilərinin Rusiya tərəfindən tanınmamasına güclü dəstəklərini bir daha bəyan ediblər.

İclasda müzakirələr aparılıb, Avropa İttifaqı-Gürcüstan Parlament Assosiasiyası Komitəsinin üzvləri qanunvericilik və icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən cavablandırılıb. Aİ-Gürcüstan Parlament Assosiasiyası Komitəsinin növbəti iclası bu ilin payızında Tbilisidə keçiriləcək.a