Maka Bochorişvili - Tərəfdaşlarımız Gürcüstanın illər ərzində əldə etdiyi tərəqqini yüksək qiymətləndirirlər
Tərəfdaşlarımız Gürcüstanın bu illər ərzində əldə etdiyi tərəqqini yüksək qiymətləndirirlər, – Bu barədə Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Maka Bochorişvili bildirib.
Maka Bochorişvilinin qeyd etdiyinə əsasən, Gürcüstanın strateji tərəfdaşları olan ABŞ və Avropa İttifaqı Gürcüstan üçün ərazi bütövlüyü və ölkənin Avropa gələcəyi kimi strateji əhəmiyyətli məsələləri dəstəkləyir.
“Birgə bəyannamədə hər iki mühüm məsələ öz əksini tapıb və bu, əlbəttə ki, təqdirə layiqdir və bizim üçün əhəmiyyətli məsələdir. Tərəfdaşlarımız tərəfindən lazımi dəstək olmasa, Gürcüstanın arzu və istəkləri reallaşa bilməz və bu bəyannamə bunu əks etdirir. Biz çox yaxşı bilirik ki, Gürcüstanın Avropa İttifaqına və NATO-ya inteqrasiyası əsasən bir sıra islahatların həyata keçirilməsi ilə bağlıdır və söhbət bundan gedir. İndiyədək Gürcüstan bizim tərəfdaşlarımızla beynəlxalq müqavilələr üzrə üzərimizə götürdüyümüz bütün öhdəlikləri çox yaxşı yerinə yetirib və bununla da bizim Avropa gələcəyimizin qurulması və Avropa İttifaqına inteqrasiyanın növbəti addımları üçün çox möhkəm zəmin yaradılıb. Məhz bu olmadan, heç bir ölkə Avropa İttifaqına daxil ola bilməz və buna görə də tərəfdaşlarımızın ölkənin bu illər ərzində əldə etdiyi tərəqqini yüksək qiymətləndirməsi təqdirə layiqdir”, – deyə Maka Bochorişvili bildirib.
Dünən yayımlanan ABŞ-Avropa İttifaqı sammitinin birgə bəyanatında deyilir ki, “biz Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini və Avro-Atlantik perspektivini tam dəstəkləməyə davam edirik”.
Müəllif -
Mehemmed Bayramaliyev