Maka Bochorişvili - Avropalı həmkarların Gürcüstanın Avropa gələcəyindən bəhs edən sənəd qəbul etməsi önəmlidir, bizim səylərimiz məhz buna yönəlib
Maka Bochorişvili - Avropalı həmkarların Gürcüstanın Avropa gələcəyindən bəhs edən sənəd qəbul etməsi önəmlidir, bizim səylərimiz məhz buna yönəlib

 
Aİ-yə üzv dövlətlərin parlamentlərinin xarici komitələrinin sədrləri formatında Gürcüstanın Avropa gələcəyi, üzvlük danışıqlarının açılması məsələsindən bəhs edən sənədin qəbul edilməsi önəmlidir- bu haqda parlamentin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bochorişvili bildirib.

Bochorişvili bildirib ki, bütün səylər avropalı həmkarların bu məsələləri diqqətdən kənarda qoymamasına yönəldilmişdi.

“Əslində, bu tədbir Belçikanın sədrliyi dövründə parlamentin sonuncu tədbiridir. Bilirsiniz ki, yaxın iki-üç ay ərzində Avropa İttifaqına üzv olan bütün dövlətlər üçün əsas məsələ Avropa seçkiləri olacaq. Bu şərtlər daxilində, təbii ki, Gürcüstanın Avropa gələcəyindən, perspektivindən, danışıqların açılması məsələsindən bəhs edən sənədin qəbul edilməsi önəmlidir. Bütün səylərimiz avropalı həmkarlarımızın bu məsələləri diqqətdən kənarda qoymamasına yönəldilmişdi. Biz gözləyirik ki, bütün bunlar Aİ-yə üzv ölkələrin parlamentariləri tərəfindən qəbul edilən sənəddə lazımi şəkildə öz əksini tapacaq” – deyə Maka Bochorişvili qeyd edib.

Bochorişvilinin izahatına görə, ümumilikdə Brüsseldəki müzakirələr, Avropa İttifaqının genişlənməsi ilə bağlı mövqelər, Avropa İttifaqının təhlükəsizliyi kontekstində bu prosesi necə görmələri maraqlı olub.

“Gürcüstan məsələsinə Aİ-yə üzv ölkələrin parlamentlərində lazımi dəstəyin olması bizim üçün çox önəmlidir, çünki genişlənmə ilə bağlı qəbul edilməli olan istənilən qərarı sonda üzv dövlətlər verir. Bu cür formatlarda həmkarlarımızla əməkdaşlıq etmək və dəstək almaq çox önəmlidir”- deyə Maka Bochorişvili qeyd edib.