Magistral yollar bağlanıb və dəmir yolu hərəkəti dayandırılıb – Balkanlar güclü qarla mübarizə aparır

14:35, 25.12.2024

Balkan bölgəsində pis hava ilə mübarizə aparırlar. Güclü qar yollarda nəqliyyatın hərəkətində ciddi ləngimələrə səbəb olub, magistral yollar bağlanıb, dəmir yolu hərəkəti dayandırılıb.

Bu barədə “Euronius” məlumat yayıb.

Bosniya və Herseqovinada on minlərlə müştərinin elektrik enerjisi kəsilib, bəzi şəhər və kəndlərə çatmaq mümkün olmayıb.

Təbii fəlakətlə əlaqədar Bosniya, Serbiya və Xorvatiya hakimiyyət orqanları yük maşınlarının hərəkətinə qadağa qoyub.

Xorvatiya, Sloveniya, Serbiya, Kosovo, Monteneqro və Şimali Makedoniyada da pis hava hökm sürür.

Turistlərə Balkanlarda səyahət edərkən diqqətli olmaları tövsiyə olunur, çünki qarın yağması əsas marşrutların bağlanmasına səbəb olub. Rəsmilər həmçinin vətəndaşları evdə qalmağa və mümkün olduqca səyahətdən çəkinməyə çağırıb.

Yerli media Bosniyada 150 000-dən çox müştərinin külək və qarın elektrik xətlərini zədələməsi və su təchizatını kəsməsi nəticəsində işıqsız qaldığını bildirib.

Oxşar