Madriddə minlərlə vətəndaş İspaniyanın baş naziri Pedro Sançesin vəzifəsində qalması tələbi ilə nümayiş keçirib
Madriddə minlərlə vətəndaş İspaniyanın baş naziri Pedro Sançesin vəzifəsində qalması tələbi ilə nümayiş keçirib. Nümayişçilər İspaniyanın paytaxtında Sosialist Partiyasının qərargahı yaxınlığında toplaşıblar.
Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, nümayişdə 12 mindən çox insan iştirak edib.
Aprelin 24-də Pedro Sançes baş nazirin səlahiyyətlərinin dayandırıldığını elan edib. Həmin gün məlum olub ki, onun həyat yoldaşı Beqoniya Qomezə qarşı korrupsiya işi üzrə istintaq başladılıb. İlkin istintaq Qomezin dövlət müqavilələri olan özəl şirkətlərlə əlaqələrini araşdırır.
Sançes və müttəfiqləri iddiaların yalan olduğunu bəyan edirlər.
Baş nazirə qarşı iddianı ifrat sağçı qruplara bağlı olan “Təmiz əllər” təşkilatı təqdim edib. “BBC”nin yazdığı üzrə, təşkilatın ittihamı mediada yayılan bir neçə xəbərlə bağlıdır ki, onlardan birinin yalan olduğu artıq sübuta yetirilib.
Pedro Sançesin sözlərinə görə, həyat yoldaşına qarşı ittihamlar ifrat sağçı partiyaların və media vasitələrinin onun adına ləkə gətirmək üçün son cəhdidir.