Madriddə 87 yaşlı qadının mənzilindən çıxarılması səbəbindən on minlərlə insan etiraz aksiyası keçirib, aksiya iştirakçıları mənzil böhranının həll edilməsini tələb edirlər

18:37, 27.09.2026

Madriddə on minlərlə insan etiraz yürüşü keçirib.

Medianın yazdığına görə, aksiya iştirakçıları 87 yaşlı qadının bütün ömürünü keçirdiyi mənzilindən çıxarılmasına etiraz ediblər. Marikarmen Abaskalın mənzildən xərəklə çıxarılması kadrları İspaniyada mənzil böhranı məsələsini 2027-ci il parlament seçkiləri ərəfəsində yenidən aktual edib.

Bununla yanaşı, İspaniya mediasının məlumatına görə, 87 yaşlı Abaskalın atası bu mənzili ilk dəfə 1956-cı ildə kirayələyib. Valideynlərinin vəfatından sonra Abaskal həmin dövrdə kirayə haqqı qanunla məhdudlaşdırılan bu mənzildə yaşamağa davam edib. 2018-ci ildə binanın sahibi dəyişib və mənzili “Urbagestion” investisiya fondu satın alıb. Şirkət kirayə haqqını 500 avrodan 2 650 avroya qaldırıb.

Madridin mərkəzində keçirilən yürüş zamanı nümayişçilər hakimiyyətdən qiymət artımlarının qarşısını almaq üçün tədbirlər görməsini, fırıldaqçılığa qarşı daha sərt qaydalar tətbiq etməsini və alternativ mənzil təklif etmədən evdən çıxarılmaların qadağan edilməsini tələb ediblər.

Hakimiyyətin qiymətləndirməsinə görə, İspaniyada artmaqda olan mənzil böhranına qarşı keçirilən etiraz aksiyasında təxminən 25 000 insan iştirak edib. Aksiya təşkilatçılarının bildirdiyinə görə isə nümayişdə 300 000-dən çox insan iştirak edirdi.

Oxşar