Liz Tras - Moldova və Gürcüstanın öz suverenliyini qorumaq imkanlarına malik olmasını təmin etməliyik
Biz Ukrayna ilə birlikdə Qərbi Balkanlar, Moldova və Gürcüstan kimi ölkələrin öz suverenliklərini və azadlıqlarını qorumaq üçün dözümlülüyə və imkanlara malik olmasını təmin etməliyik -bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Tras London merinin sarayında çıxışı zamanı bildirib.
Britaniya xarici işlər nazirinin sözlərinə görə, dünya Rusiyanın işğalını dayandırmaq üçün daha çox iş görməli idi.
“Biz Ukraynadan dərs almalıyıq. Böyük Britaniya müharibənin başlamasından çox daha əvvəl silah göndərdi və Ukrayna əsgərlərinə təlim keçdi, lakin dünya hərbi müdaxiləni dayandırmaq üçün daha çox şey etməli idi. Bir də heç vaxt eyni səhvə yol verməyəcəyik. Bəziləri iddia edir ki, daha pis şeylərin təhrik edilməsindən qorxaraq ağır silahlar verməməliyik. Məncə, hərəkətsizlik ən böyük təxribat olacaq. İndi ehtiyatlılıq deyil, cəsarət vaxtıdır. Biz Ukrayna ilə birlikdə Qərbi Balkanlar, Moldova və Gürcüstan kimi ölkələrin öz suverenliklərini və azadlıqlarını qorumaq üçün dözümlülüyə və imkanlara malik olmasını təmin etməliyik. NATO-nun açıq qapı siyasəti müqəddəsdir. Əgər Finlandiya və İsveç Rusiyanın təcavüzünə cavab olaraq qoşulmaq qərarını versə, biz onları mümkün qədər tez alyansa qəbul etməliyik” -deyə Liz Tras bildirib.