Levan Varşalomidzenin parlament üzvü səlahiyyətlərinə xitam verilib
Levan Varşalomidzenin parlament üzvü səlahiyyətlərinə xitam verilib

 

Parlament Gürcüstanın 10-cu çağırış parlamentinin deputatı Levan Varşalomidzenin mandatına xitam verib.

Levan Varşalomidzenin Gürcüstan parlamentinin deputatı mandatına vaxtından əvvəl xitam verilməsi haqqında qətnaməni 78 deputat dəstəkləyib.

Gürcüstan Konstitusiyasına və parlamentin reqlamentinə əsasən, əgər şəxs üzrlü səbəb olmadan növbəti sessiya ərzində iclasların yarısından çoxunda iştirak etməzsə, onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir. Gürcüstan parlamentinin 2022-ci ilin növbəti yaz sessiyası boyunca ümumilikdə 26 iclas keçirilib.

Gürcüstan parlamentinin üzvü Levan Varşalomidze 26 iclasın heç birinə qatılmayıb. Prosessual Məsələlər və Qaydaları Komitəsinin sədri İrakli Kadaqişvili növbəti sessiyanın başa çatmasından 10 gün ərzində komitənin iclasa qatılmamanın üzrlü səbəbinin olmadığını müəyyən etdiyini bildirib. Parlamentin sədri Şalva Papuaşvili Levan Varşalomidzenin deputat kimi heç plenar iclas salonunda olmadığını qeyd edib.

“Buna baxmayaraq, o, maaş olaraq təxminən 56 min lari alıb. O, bunu parlamentə qaytarmayıb. Onun bir tərəfdən bir dəqiqəliyinə belə olsa parlamentin binasında olmaması və ikinci tərəfdən sözü gedən məbləği büdcəyə qaytarmağı zəruri saymaması bu məsələnin müzakirəyə çıxarılmasının səbəbidir” – deyə Şalva Papuaşvili bildirib.

2020-ci ilin parlament seçkilərində Levan Varşalomidzeyə “Vahid Milli Hərəkat” – Birləşmiş Müxalifət “Güc birlikdədir” blokunun partiya siyahısı ilə deputat mandatı verilib.