Levan İoseliani yeni müavinlərini təqdim edib
Levan İoseliani yeni müavinlərini təqdim edib

 

Xalq müdafiəçisi Levan İoseliani yeni müavinlərini təqdim edib. Levan İoseliani Elene Ğuduşauri və Natia Culağidzenin onun müavinləri olacağını bildirib.

“Qiorqi Burcanadze və Ekaterine Sxiladzenin xalq müdafiəçisi müavinləri vəzifəsini tərk etdiklərini bilirsiniz. Mən müavinlərimi, ixtisasca hüquqşünas, hüquq maqistri olan Elene Ğuduşaurini və dövlət idarəçiliyi və ictimai idarəçilik maqistri olan Natia Culağidzeni təqdim etmək istərdim. Onların hər ikisi altı il mənimlə işləməyə davam edəcək”- Levan İoseliani qeyd edib.

Brifinqdə Elene Ğuduşauri etimadına görə xalq müdafiəçisinə, eləcə də keçmiş müavinlərə fəaliyyətlərinə görə təşəkkür edib.

“Xalq müdafiəçisinin müavini vəzifəsini tutmaq mənim üçün böyük şərəf və eyni zamanda, böyük məsuliyyətdir. Gələcəkdə olduqca təcrübəli və ixtisaslı xalq müdafiəçisi komandası ilə birlikdə bir çox mühüm işlər görmək, fikrimcə, bu gün Gürcüstanın insan hüquqlarının müdafiəsi və həyata keçirilməsi istiqamətində üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək istiqamətində səylərimi əsirgəməyəcəyəm” -deyə Ğuduşauri açıqlayıb.

Bundan əlavə, Natia Culağidze də Levan İoselianiyə təşəkkür edib.

“Levan İoselianiyə etimada və məni belə məsul vəzifədə gördüyünə görə minnətdaram. Mən bu məsuliyyətin fərqindəyəm. Həyatımda ən vacib qərarlardan birini verdim. Burada məni olduqca təcrübəli, peşəkar insanlardan ibarət komandanın qarşılaması rahatladır. Ölkədəki mövcud siyasi vəziyyətə də nəzər salmaq istərdim. Ölkəmiz heç vaxt namizəd statusu və Avropa ailəsinə üzv olma ehtimalına bu qədər yaxın olmayıb. Namizəd statusu birbaşa olaraq 12 tövsiyə ilə bağlıdır ki, onlardan biri də Xalq Müdafiəçisi İnstitutudur. Müvafiq olaraq, Xalq Müdafiəçisi İnstitutunun əvvəlkindən daha çox diqqət altında olduğunu yaxşı dərk edirəm. Xalq müdafiəçisinin bəyanatlarına hər zamankından daha böyük əhəmiyyət verilir” -deyə Natia Culağidze açıqlayıb.