Levan Davitaşvili Qətər İnvestisiya Agentliyinin nümayəndə heyəti ilə görüşüb
Levan Davitaşvili Qətər İnvestisiya Agentliyinin nümayəndə heyəti ilə görüşüb

 

Vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Qətər İnvestisiya Agentliyinin Regional Təhlil və Biznesin İnkişafı üzrə direktoru Mübarək Əbdüləziz Əl-Xulaifi və onun yoldaşları ilə görüşüb.

İqtisadiyyat Nazirliyi tərəfindən verilən məlumatda, görüşdə nazir müavini İrakli Nadareişvili və “Gürcüstanda İstehsal Et” agentliyinin direktor müavini Tornike Zirakişvilinin də iştirak etdiyi deyilir.

Görüşdə Qətər tərəfinin nümayəndələri Gürcüstanın investisiya imkanları, makroiqtisadi vəziyyəti, liberal biznes mühiti və ölkədə istehsal olunan məhsulların böyük bir hissəsinin sıfır faiz dərəcəsi ilə dünya bazarının 1/3-nə çatan azad ticarət sazişləri haqqında təqdimatla tanış olublar.

Öz növbəsində, Qətər İnvestisiya Agentliyinin nümayəndələri Gürcüstanın biznes və investisiya mühitini müsbət qiymətləndirərək, fərdi investisiya layihələrinin daha yaxşı öyrənilməsində maraqlı olduqlarını bildiriblər. Eyni zamanda, Gürcüstan və Qətər arasında mülki aviasiya, turizm, ikitərəfli ticarət, nəqliyyat-logistika daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq edildiyi də vurğulanıb.