Levan Davitaşvili Litvanın energetika naziri Dainius Krevis ilə görüşüb
Litva Respublikasına işgüzar səfəri çərçivəsində Gürcüstanın vitse baş naziri, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Litvanın energetika naziri Dainius Krevis ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən verilən məlumatda görüşdə tərəflərin ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində enerji resurslarının təchizatı mənbələrinin şaxələndirilməsinin vacibliyinə diqqət yetirdikləri deyilir.
Levan Davitaşvili litvalı həmkarına ölkənin enerji sektorunun rəqabətədavamlı və düzgün inkişafına, əlavə investisiyaların cəlb edilməsinə və yeni enerji potensialının yaradılmasına töhfə verəcək enerji bazarının liberallaşdırılması islahatı barədə məlumat verib.
Həmçinin, Gürcüstan hökuməti tərəfindən işlənib hazırlanmış və enerji sektorunda özəl investisiyaları təşviq etməli olan yeni bərpa olunan enerjiyə dəstək sxeminə dair danışıqlar aparıblar.
Görüşdə Gürcüstan və Litvanın enerji sektorunda, o cümlədən bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığı davam etdirdiyi bildirilib.
Məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.