Levan Davitaşvili - Gürcüstanın Avropaya inteqrasiya yolunda Xorvatiyanın təcrübəsi həqiqətən faydalı olacaq
Levan Davitaşvili - Gürcüstanın Avropaya inteqrasiya yolunda Xorvatiyanın təcrübəsi həqiqətən faydalı olacaq

 

Gürcüstan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb, bu saziş çərçivəsində də iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyalar yaradılacaq.

Sənədin imzalanması vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Xorvatiyanın Xarici və Avropa İşləri naziri Qordan Qrliç Radman arasında keçirilən ikitərəfli görüşdən sonra baş tutub.

Vitse baş nazir Levan Davitaşvili sazişin ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini bildirib.

“Birgə komissiyalar çərçivəsində biz iki ölkənin iqtisadi əməkdaşlıq baxımından prioritetlərini rəsmi şəkildə müəyyən edə biləcəyik. Düşünürəm ki, bu, bizimlə Xorvatiya arasında münasibətləri dərinləşdirəcək, ticarət dövriyyəsinin artmasını və müxtəlif iqtisadi istiqamətlərdə əməkdaşlığı təşviq edəcək”- deyə Levan Davitaşvili açıqlayıb.

Vitse baş nazir Xorvatiya tərəfdən təcrübə mübadiləsinə də diqqət yetirib.

“Xorvatiya Avrozona və Şengen də daxil olmaqla Avropa İttifaqının tamhüquqlu üzvüdür. Beləliklə, Xorvatiyanın təcrübəsi Gürcüstanın Avropaya inteqrasiya yolunda həqiqətən faydalı olacaq”- deyə vitse baş nazir Levan Davitaşvili açıqlayıb.

Görüş və imzalanma Xorvatiyanın Xarici və Avropa İşləri naziri Qordan Qrliç Radmanın Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə səfəri çərçivəsində baş tutub. Görüşdə Xorvatiyanın paytaxtı Zaqrebdə iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək Gürcüstanın diplomatik nümayəndəliyinin açılması müsbət qiymətləndirilib.