Levan Davitaşvili İnternetin Gələcəyi Haqqında Bəyannaməni imzalayıb
Gürcüstanın vitse baş naziri, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili onlayn formatda ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın ev sahibliyi etdiyi ministerialda iştirak edib, o bu tədbirdə Gürcüstan adından ABŞ, Avstraliya, Kanada, Avropa Komissiyası, Yaponiya və Birləşmiş Krallıq nümayəndələri ilə birlikdə İnternetin Gələcəyi Haqqında Bəyannamə (Declaration for the Future of the Internet, DFI) imzalayıb. İmzalanma mərasimi ABŞ-da, Ağ Evdə hibrid formatda keçirilib.
“Bəyannamə demokratik sistemləri dəstəkləmək və hər bir vətəndaşın demokratik proseslərdə fəal iştirakını təşviq etmək, fərdlərin məxfiliyinin qorunmasını təmin etmək, təhlükəsiz və ümidverici əlaqəni qoruyub saxlamaq, insan hüquqlarının müdafiəsi və onlayn/rəqəmsal ekosistemdə ona hörmət edilməsi, müstəqil və rəqabətçil qlobal iqtisadiyyatı təmin etmək və s. məqsədini daşıyır.
Bəyannaməni dəstəkləyən tərəfdaşlar sənəddə müəyyən edilmiş prinsipləri həyata keçirmək üçün vətəndaş cəmiyyəti, sənaye və digər müvafiq maraqlı tərəflərlə əməkdaşlıq edirlər. Onlar həmçinin aşağıda sadalanmış əsas prinsiplərin müdafiəsini dəstəkləyir və təbliğ edirlər: insan hüquqları və əsas azadlıqlar, qlobal internetə çıxış, internetə inklüziv və əlçatan çıxış, rəqəmsal ekosistemə inam, çoxtərəfli internet idarəçiliyi” -deyə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.