Levan Davitaşvili - Gürcüstanın enerji təhlükəsizliyinin gücləndirilməsi yeni enerji obyektlərinin tikintisini, idxaldan asılılığın azaldılmasını və enerji səmərəliliyi ilə bağlı layihələrin həyata keçirilməsini nəzərdə tutur
Vitse-baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və NATO Enerji Təhlükəsizliyi Mükəmməllik Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Gürcüstanın enerji təhlükəsizliyinin artırılması məsələlərinə həsr olunmuş konfrans və təlimin rəsmi qapanışında iştirak edib.
Vitse- baş nazir çıxışında Gürcüstanın Avropa Enerji Birliyinə qoşulmasından sonra həyata keçirilən və yerli elektrik enerjisi bazarının liberallaşdırılması və ölkədə Avropa tənzimləmələrinin əsasının qoyulması məqsədi daşıyan enerji islahatına diqqət çəkib. Levan Davitaşvili, Gürcüstanın enerji səmərəliliyi və enerji təhlükəsizliyini artırmaq üçün inkişafı davam etdirdiyini bildirib. Nazir həmçinin ABŞ və Avropa dövlətlərinin Gürcüstanın enerji sektorunun üzləşdiyi problemlərin aradan qaldırılmasına yönəlmiş dəstəyinin vacibliyini vurğulayıb.
Levan Davitaşvilinin sözlərinə əsasən, Gürcüstanda öz enerji resurslarından, o cümlədən bərpa olunan enerji mənbələrindən istifadə artırılmalı, eləcə də müassir enerji texnologiyaları tətbiq edilməlidir. Vitse-baş nazir Gürcüstanın enerji təhlükəsizliyinin gücləndirilməsinin hökumətin siyasətinin prioritet istiqamətlərindən biri olduğunu və bu siyasətin yeni enerji obyektlərinin tikintisini, idxaldan asılılığın azaldılmasını və enerji səmərəliliyi ilə bağlı layihələrin həyata keçirilməsini nəzərdə tutduğunu bildirir.
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və NATO Enerji Təhlükəsizliyi Mükəmməllik Mərkəzinin təşkilatçılığı və ABŞ Ali Hərbi Dəniz Akademiyasının iştirakı ilə konfrans və təlim beş gün ərzində Tbilisidə baş tutub.
Bu barədə məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayır.