Levan Davitaşvili Gürcüstanın energetika sektorunda çalışan bütün mütəxəssisləri peşə günü münasibətilə təbrik edir
İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Gürcüstanın energetika sektorunda işləyən bütün mütəxəssisləri peşə günü münasibətilə təbrik edir.
“Gürcüstanın inkişafı və vətəndaşların rifahı böyük ölçüdə onların hər birinin uğurlu fəaliyyətindən asılıdır. Güclü və dayanıqlı enerji sistemi ölkənin iqtisadi artımının əsasını təşkil edir, ona görə də təəccüblü deyil ki, bu sahənin inkişafı hökumətimizin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir.
Məhz buna görə də ölkəmizdə bərpa oluna bilən enerjinin zəngin potensialı enerji siyasətimizin əsas istiqamətlərindən biridir. Bu mənbələrdən düzgün istifadə təkcə enerji təhlükəsizliyimizin əsasını təşkil etmir, həm də qlobal problemlərə cavab vermək və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması baxımından qarşıya qoyulan məqsədlərə nail olmaq üçün imkan yaradır.
Bizim regionda yaşıl enerjinin “mərkəzi” olmaq ambisiyamız var. Bu məqsədə nail olmaq üçün son bir neçə ildə biz Gürcüstanda yaşıl enerjinin gələcək inkişafına dəstək verəcək qanunvericilik bazasının yaradılması üzərində fəal işləyirik. Bu dəyişikliklər təkcə ənənəvi hidroenergetikaya deyil, həm də külək, günəş, biokütlə, hidrogen və digər qeyri-ənənəvi enerji mənbələrindən istifadəyə investisiya cəlb etmək məqsədi daşıyır. Yaşıl enerjinin inkişafı üçün digər stimul regionumuzu Avropa bazarları ilə birləşdirəcək və yüksək beynəlxalq dəstəyə malik Qara dəniz sualtı kabel layihəsi olacaq.
Gürcüstan hökuməti enerji infrastrukturuna, istər elektrik xətləri, yarımstansiyalar, qaz kəmərləri və s. sahələrə əhəmiyyətli investisiyalar qoyur. Bütün bunlar ölkənin enerji sektorunun daha da inkişafı və ümumilikdə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün lazımdır. Bir daha sizi Peşə günü münasibətilə təbrik edirəm”, – deyə iqtisadiyyat naziri təbrikində bildirib.
Sentyabrın 10-da Gürcüstanın Energetika Mühəndisləri Günü qeyd olunur.
Müəllif -
Mehemmed Bayramaliyev