Levan Davitaşvili - Gürcüstan və Qazaxıstan arasında ticarət dövriyyəsini və tranzit axınını artırmaq məqsədimizdir
Tbilisidə keçirilən Gürcüstan-Qazaxıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası protokolun imzalanması ilə başa çatıb.
Gürcüstanın vitse baş naziri, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayevin imzaladığı sənəddə iki ölkə arasında ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, turizm, informasiya texnologiyaları, innovasiya və s. sahələrdə iqtisadi əməkdaşlığın prioritet istiqamətləri müəyyən edilib. Həmçinin, standartlaşdırma və metrologiya, eləcə də idman sahələrində əlaqələrin dərinləşdirilməsi haqqında əməkdaşlıq memorandumları imzalanıb.
“Komissiyanın fəaliyyəti olduqca uğurlu olub və təbii ki, iki tərəf arasında imzalanan razılaşmalar iqtisadi əlaqələr üçün stimul olmalıdır. Biz Gürcüstan və Qazaxıstan arasında ticarət dövriyyəsini artırmağı qarşıya məqsəd qoymuşuq, həmçinin Qazaxıstandan Gürcüstan istiqamətində tranzit axınının artırılmasına kömək edəcək konkret məsələləri müzakirə etdik” -deyə Levan Davitaşvili komissiyanın iclasından sonra bildirib.
Gürcüstan-Qazaxıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ölkələr arasında ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı istiqamətində önəmli formatlardan biridir və format çərçivəsində bir sıra məsələlər üzrə qərarlar qəbul edilir. Komissiyanın növbəti iclası Qazaxıstanda keçiriləcək.
Məlumatı İqtisadiyyat Nazirliyinin Mətbuat Xidməti yayır.