Levan Davitaşvili "Chalik Energy" şirkəti ilə Külək Elektrik Stansiyası layihəsinin inkişafı məsələsini müzakirə edib
Vitse-baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Türkiyənin “Chalik Energy” şirkətinin baş direktoru Onur Yücekal ilə Qori Munisipalitetinin Niqoza kəndi yaxınlığında külək elektrik stansiyası layihəsinin inkişafı məsələsini müzakirə edib. Sözü gedən layihə hazırda inşaatla bağlı razılaşmanın müzakirə mərhələsindədir, proses başa çatdıqdan sonra isə təsdiqlənmək üçün hökumətə göndəriləcək.
Görüşdə qeyd olunub ki, layihə Şida Kartlidə həyata keçiriləcək və tikinti mərhələsində 200-ə yaxın insan işlə təmin ediləcək ki, bu da region üçün çox önəmlidir. Stansiya istifadəyə verildikdən sonra 20-yə qədər daimi iş yeri yaradılacaq.
Həmçinin vurğulanıb ki, alternativ enerji mənbələrinin inkişafı Gürcüstanın enerji siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi günəş və külək elektrik stansiyaları layihələrinin həyata keçirilməsi üçün özəl sektorla əməkdaşlıq edir. Bildirilib ki, təkcə 2021-ci ildə ümumi gücü 286 MVt olan külək layihələri imzalanıb, bu güc vasitəsilə orta illik elektrik enerjisi istehsalı təxminən 1,144 mln. kVt/saat olacaq, həmçinin ümumi gücü 78 MVt və illik orta istehsal gücü 90 mln. kVt/saatədək olan günəş elektrik stansiyasının inkişafı müqavilələri də imzalanıb.
Niqoza külək elektrik stansiyası Şida Kartlidə Nadarbazevi gölünün yaxınlığında tikiləcək. Onun quraşdırılmış gücü 50 MVt, orta illik hasilat isə 195 mln. kVt/saat olacaq. Layihənin həyata keçirilməsinə təxminən 70 milyon dollar lazım olacaq.
Görüşdə Gürcüstanın Energetikanın İnkişafı Fondunun direktoru Qiorqi Çikovani də iştirak edib.
Məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayır.