Levan Davitaşvili BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüşüb
Levan Davitaşvili BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüşüb

 

Gürcüstanın vitse baş naziri, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşvili ilə görüşüb.

Görüşdə həmçinin, nazir müavinləri Mariam Kvrivişvili və İrakli Nadareişvili iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda, görüşdə Gürcüstan ilə BMT-nin Ümumdünya Turizm Təşkilatı arasında mövcud və gələcək əməkdaşlığın prioritet istiqamətlərinin müzakirə olunduğu deyilir.

“Gürcüstanın turizm sektorunun bərpa dinamikası müsbət qiymətləndirilib və bu göstərici regionda ən yüksək göstəricilərdən biridir. 2022-ci ilin ötən dövründə turizmdən əldə olunan gəlirlərin 2019-cu ilin müvafiq dövrünün göstəricisini 20,4 faiz üstələyərək 476,1 milyon ABŞ dolları təşkil etdiyi qeyd olunub. Gürcüstan hökumətinin iqtisadi siyasət, eləcə də İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin və Milli Turizm Administrasiyasının potensial hədəf bazarlar üzrə səmərəli fəaliyyətinin bu sahədə mövcud müsbət tendensiyalara səbəb olduğu deyilib. Gürcüstanın turizm sektorunda çalışan kadrların kvalifikasiyasının artırılması məsələsi və bu istiqamətdə BMT-nin Ümumdünya Turizm Təşkilatının dəstəyinin mümkünlüyünə toxunulub. Qeyd olunub ki, tərəflər arasında sahədə təhsilin keyfiyyətinin yüksəldilməsi, o cümlədən xarici investisiyaların cəlb edilməsi və innovasiyaların tətbiqi istiqamətində əməkdaşlıq davam etdiriləcək” – deyə qurumdan bildirilib.