"Lelo" - birbaşa və israrla Salome Zurabişvilidən Mixeil Saakaşvilini əfv etməsini tələb edirik
"Lelo" - birbaşa və israrla Salome Zurabişvilidən Mixeil Saakaşvilini əfv etməsini tələb edirik

 

Hazırkı iqtidarın hərəkətləri elan edilmiş qətlin xronikasıdır və siyasi kanibalizmə bənzəyir-bu barədə “Lelo”nun bəyanatında deyilir.

“Lelo” Gürcüstan Prezidenti Salome Zurabişvilini Mixeil Saakaşvilini əfv etməyə çağırır.

“Mixeil Saakaşvilinin məhkəməsinin növbəti dəfə təxirə salınması və onun öz məhkəməsində iştirakına yox cavabının verilməsi sabiq prezidentin konstitusion hüququnun pozulmasıdır. Onun səhhətini nəzərə alsaq, bu, həyatı üçün təhlükəli bir qərardır. Gürcüstanın hər bir vətəndaşının yaşamaq hüququ var. Dövlət Gürcüstanın hər bir vətəndaşının həyatını qorumağa borcludur.

Hakimiyyətə, hakim komandaya və şəxsən Bidzina İvanişviliyə xəbərdarlıq edirik – Mixeil Saakaşvilinin həyatı və sağlamlığına görə onlar tam məsuliyyət daşıyırlar. Strateji tərəfdaşlarımız olan Avropa Parlamentinin hakimiyyəti sabiq prezidenti təcili olaraq müalicə üçün xaricə köçürməyə çağırması fonunda, aydındır ki, Saakaşvili məsələsi bu ölkənin gələcəyinə, Gürcüstanın nüfuzuna və beynəlxalq imicinə birbaşa təsir edir. Məhz bu səbəbdən “Lelo” hakimiyyəti artıq neçə həftədir ki, bu addımı atmağa çağırır.

Gürcüstanın beşinci prezidenti – Salome Zurabişvili də məsuliyyətdən qaça bilməz. Həm beynəlxalq ictimaiyyətin, həm də avanqardında “Lelo” partiyasının olduğu Gürcüstanın siyasi dairələrinin çoxsaylı çağırışlarına baxmayaraq, Salome Zurabişvili əlindəki səlahiyyət vasitələrindən istifadə etmir və bu, onun məsuliyyətini daha da kəskinləşdirir.

“Lelo” partiyası bütün siyasi liderləri və hər bir üzvü adından birbaşa və təkidlə Gürcüstanın beşinci prezidentindən Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilini əfv etməsini tələb edir.

Gürcüstanın ən yaxın tarixində biz ikinci prezidentin qətli presedentinə yol verə bilmərik. Hazırkı iqtidarın hərəkətləri elan edilmiş qətlin xronikasıdır və siyasi kanibalizmə bənzəyir. Belə bir damğayla isə gürcü cəmiyyəti heç vaxt sivil dünyanın bir hissəsinə çevrilə və müasir dövlət qura bilməyəcək.
Biz bir-birimizə və ölkəmizə qarşı bu tarixi xəyanətə təcili son qoymalıyıq!”-deyə “Lelo”nun bəyanatında deyilir.