"Layiqli Tərəfdaş 2022" başladı
"Layiqli Tərəfdaş 2022" başladı

 

Vazianidə 4-cü Piyada Briqadasının poliqonunda “Layiqli tərəfdaş 2022” çoxmillətli təlimin  rəsmi açılışı baş tutdu.

Gürcüstan Müdafiə Nazirliyi tərəfindən verilən məlumatda, Müdafiə Qüvvələrinin komandanı general-mayor Qiorqi Matiaşvilinin təlimdə iştirak edən Gürcüstan, ABŞ, NATO-ya üzv və tərəfdaş ölkələrin hərbi qulluqçularını beynəlxalq təlimlərin başlaması münasibətilə təbrik etdiyi və çıxışında tərəfdaşlarla əməkdaşlığın və regionda sabit mühitin təmin edilməsinin vacibliyini vurğuladığı deyilir.

Qurumdan verilən məlumatda, beynəlxalq təlimin açılış mərasimində Müdafiə Nazirliyinin nümayəndələrinin, təlimdə iştirak edən ölkələrin müdafiə attaşelərinin, həmçinin NATO-nun əsas qrupunun, NATO-nun Əlaqələndirici Ofisinin və Aİ-nin monitorinq missiyasının nümayəndələrinin iştirak etdiyi deyilir.

“Gürcüstan artıq altıncı dəfədir ki, “Layiqli tərəfdaş 2022” çoxmillətli hərbi təlimə ev sahibliyi edir. Beynəlxalq təlimlərə Gürcüstan Müdafiə Qüvvələrinin Şərq Komandanlığı və ABŞ-ın Avropa və Afrika Komandanlığı (USAREUR) rəhbərlik edir və Təlim və Hərbi Təhsil Komandanlığının Birgə Təlim və Qiymətləndirmə Mərkəzi (JTEC) isə onu dəstəkləyir.

“Layiqli Tərəfdaş 2022″nin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühiti təmin etmək üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiq ölkələr arasında hazırlığı və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqdır. Bu il təlim tarixində ilk dəfə olaraq Yaponiya və İsveç silahlı qüvvələrinin nümayəndələri iştirak edəcəklər. Çoxmillətli təlimlərdə 2400-dən çox hərbçi iştirak edir. Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Azərbaycan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa, Yaponiya, Litva- Polşa-Ukrayna Çoxmillətli Briqadası və İsveç Silahlı Qüvvələri builki çoxmillətli təlimlərin iştirakçılarıdır”-deyə məlumatda deyilir.