Latviya Prezidenti - Gürcüstan Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinə, o cümlədən Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulmalıdır
Latviya Prezidenti Edqars Rinkeviçs Gürcüstanı islahatların həyata keçirilməsində daha da irəliləyiş əldə etməyə və Avropa İttifaqına namizəd statusu ilə bağlı tövsiyələri yerinə yetirməyə çağırıb. Latviya Prezidentinin Administrasiyası Edqars Rinkeviçsin Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşündən sonra bu barədə məlumat yayıb.
Latviya Prezidentinin Administrasiyası onu da vurğulayır ki, gürcülərin mütləq əksəriyyəti Gürcüstanın Avropa İttifaqına daxil olmaq yolunda geridönməz irəliləyişini dəstəkləyir.
“Gürcüstan cəmiyyətinin gözləntilərini və avrointeqrasiyaya əhəmiyyətli dəstəyi nəzərə alaraq, Gürcüstanın siyasi qüvvələri Avropa İttifaqının tövsiyələrini yerinə yetirmək və namizəd statusunu qazanmaq üçün yaranmış tarixi imkandan istifadə etmək istiqamətində hər şeyi etməlidirlər”, – prezident deyib.
Eyni zamanda Rinkeviçs qeyd edib ki, Gürcüstan Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinə, o cümlədən Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmalıdır.
Gürcüstan Prezidenti Salome Zurabişvili sentyabrın 26-da Latviya Prezidenti Edqars Rinkeviçs ilə görüşüb.