Laşa Xutsişvili ABŞ-da Ticarət Departamentinin ixrac məsələləri üzrə katibinin köməkçisi ilə görüşüb
Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində maliyyə naziri Laşa Xutsişvili ABŞ-ın Ticarət Departamentinin katibinin ixrac üzrə köməkçisi Metiu Akselrod ilə görüşüb.
Görüşdə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin dinamikası, regionda hüquqi ticarət nəzarətinin inkişafına töhfə verən gömrük nəzarəti imkanlarının artırılması istiqamətində Amerika Birləşmiş Ştatlarının dəstəyi məsələlərinə toxunulub. Gürcüstan tərəfindən beynəlxalq sanksiyaların yerinə yetirilməsi prosesi müzakirə edilib.
Maliyyə naziri Laşa Xutsişvilinin qeyd etdiyi kimi, beynəlxalq sanksiyaların tətbiq olunduğu ilk günlərdən ölkə sözügedən sanksiyaların icrasına mərkəzləşdirilmiş nəzarəti həyata keçirir.
Görüşdə Amerika tərəfi Gürcüstanın sanksiyaların yerinə yetirilməsi istiqamətində atdığı addımları müsbət qiymətləndirib.
Gürcüstanın Avropaya inteqrasiyasının dərinləşməsinə töhfə verəcək nəqliyyat, ticarət və logistika imkanlarının gücləndirilməsinin zəruriliyinə diqqət yetirilib.
Görüşdə Gürcüstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Davit Zalkaliani və nazir müavinləri Qiorqi Kakauridze, Ekaterine Quntsadze və Mirza Qelaşvili iştirak ediblər.
Məlumatı Maliyyə Nazirliyinin mətbuat xidməti yayır.