Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının illik yaz toplantıları çərçivəsində, Maliyyə naziri Laşa Xutişvili və Milli Bankın prezidenti Koba Qvenetadze Beynəlxalq Valyuta Fondunun idarəedici direktorunun müavini, Bo Li ilə görüşdülər.
Maliyyə naziri BVF-nin idarəedici direktorunun müavininə Fond tərəfindən Gürcüstanınislahat gündəliyini dəstəklədiyinə görə təşəkkürünü bildirdi. Fondun dördillik proqramının nəticələri xüsusilə qlobal Covid-19 pandemiyasının vurduğu zərərin azaldılması baxımından müsbət qiymətləndirildi.
Görüşdə ölkənin cari makroiqtisadi və fiskal parametrləri, iqtisadi canlanma tendensiyaları nəzərdən keçirildi. Ukraynada davam edən hərbi əməliyyatların bölgə və dünyaya təsirinə diqqət yetirildi. Maliyyə naziri Gürcüstanın Ukraynanı və Ukrayna xalqını siyasi və humanitar sahələrdə dəstəkləmək üçün atdığı addımlarını qeyd etdi.
BVF-nin idarəedici direktorunun müavini ilə bu yaxınlarda keçirilən görüşdə BVF-nin icraiyyə şurası tərəfindən təsdiqlənəcək yeni üçillik proqramın başlanmasına dair, BVF missiyası ilə aparılan danışıqların uğurla başa çatdığı vurğulandı.
Maliyyə nazirinin qeyd etdiyi kimi, iqtisadi inkişafın dəstəklənməsi üzrə yeni proqram ölkədə struktur islahatlarının davam etdirilməsinə və fiskal sabitliyin qorunmasına töhfə verəcək.
Görüşün sonunda tərəflər Gürcüstanla Beynəlxalq Valyuta Fondu arasında münasibətləri daha da inkişaf etdirməyə hazır olduqlarını bildirdilər.
Məlumatı Gürcüstanın Maliyyə Nazirliyinin mətbuat xidməti yayır.