Laşa Talaxadze, Qeno Petriaşvili və Qivi Macaraşvili Paris Olimpiya Oyunlarından qayıtdılar [şəkil]
Olimpiya çempionları Laşa Talaxadze və Qeno Petriaşvili, eləcə də gümüş medalın sahibi Qivi Macaraşvili 2024-cü ilin Paris Olimpiya Oyunlarından qayıtdılar.
Olimpiadada iştirak edən idmançıları Tbilisi Beynəlxalq Hava Limanında ailə üzvləri və azarkeşlər qarşıladılar, onları əldə etdikləri nailiyyət münasibətilə təbrik etdilər.
Laşa Talaxadze Paris Olimpiadasında birinciliyi heç kimə güzəştə getmədi. Gürcü ağır atlet iki növdə yarışda ümumilikdə 470 kiloqram çəkinin öhdəsindən gəldi və qızıl medal qazandı. Ağır atlet ardıcıl üçüncü dəfə Olimpiya çempionu oldu.
“İlk növbədə oğlanlarımızı bu böyük nailiyyət münasibətilə təbrik etmək istərdim. Mənimlə razılaşarsınız ki, biz Gürcüstana həqiqətən yaxşı nəticə ilə qayıtdıq. Çıxışıma gəlincə, üçüncü dəfə Olimpiya titulu qazandım, bu da mənim üçün çox vacib idi. Bunun üçün çox çalışırdım. Tanrıya minnətdaram, mənim, məşqçilərimin və ailəmin zəhməti qarşılıqsız qalmadı. Azarkeşlərə çox minnətdaram, çünki onlar məni gücləndirən və rahatlamağa və təslim olmağa imkan verməyən qüvvədir” – Laşa Talaxadze Tbilisi Beynəlxalq Hava Limanında jurnalistlərlə söhbəti zamanı bildirib.
Olimpiadada Qeno Petriaşvilinin mübarizəsi xüsusilə həyəcanlı idi. Gürcü güləşçi finalda iranlı pəhləvanı 0:9 hesabı ilə məğlub etdi və Olimpiya çempionu oldu. İndiyədək Petriaşvili Rio Olimpiadasının bürünc və Tokio Olimpiadasının gümüş medallarına sahib idi. O, üçqat dünya və ikiqat Avropa çempionudur.
“Bu qədər yaxşı insanın səni qarşılaması çox gözəl emosiyalar və hisslərdir. Çoxlu məğlubiyyət oldu, çoxlu qələbə də oldu, ancaq sonuncu dəfə belə oyunlarda saniyənin onda birində məğlub olmuşdum, bu dəfə bacardım və düzəldə bildim. Tanrıya minnətdaram, yaxşı bitdi. Gürcülər çox möhkəm insanlarıq, biz bunu hər dəfə sübut edirik. Mən gürcü xalqını bu qələbələr münasibətilə təbrik etmək istəyirəm. Biz hər zaman hər şeyi edirik, yarışda əlimizdən gələnin maksimumunu etməyə və ölkəmizin bayrağını ləyaqətlə daşımağa çalışırıq” – Qeno Petriaşvili qeyd edib.
2024-cü ilin Paris Olimpiadasında sərbəst güləş üzrə mübarizə aparan Qivi Macaraşviliyə gəlincə, o, gümüş medal qazandı – finalda gürcü pəhləvan Bəhreynin təmsilçisi Axmed Tajudinova məğlub oldu.
“Bütün Gürcüstanı, gürcü xalqını təbrik edirəm. Bu qədər medal belə kiçik bir ölkə üçün böyük şeydir. Nəticəmdən razı deyiləm, lakin hər bir idmançı üçün Olimpiya medalı arzu və tarixdir. Ölkəmə qızıl medal gətirmək üçün özümü növbəti Olimpiadaya saxlayacağam” – Qivi Macaraşvili bildirib.
Paris Olimpiadası avqustun 11-də təntənəli şəkildə bağlandı, növbəti oyunlara 2028-ci ildə Los-Anceles ev sahibliyi edəcək.
Gürcüstanın Olimpiya nümayəndə heyəti Paris 2024 Yay Oyunlarını medalların ümumi sayına görə 24-cü yerdə başa vurdu.
Paris Olimpiadası ölkəmiz üçün müstəqillik tarixində ən uğurlu olimpiada oldu. Gürcüstan üç qızıl, üç gümüş və bir bürünc medala layiq görüldü.