Laşa Xutsişvili Pavel Herçinski ilə görüşüb
Laşa Xutsişvili Pavel Herçinski ilə görüşüb

 

Maliyyə naziri Laşa Xutsişvili Avropa İttifaqının Gürcüstandakı yeni səfiri, ölkədə diplomatik fəaliyyətə yeni başlayan Pavel Herçinski ilə görüşüb.

Tanışlıq xarakterli görüşdə Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərin dinamikasına müsbət qiymət verilib.

Maliyyə naziri qonağı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və onun səfirliyi dövründə Gürcüstan və Avropa İttifaqı arasında tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

Maliyyə naziri həm siyasi, həm maliyyə, həm də texniki yardım proqramları istiqamətində ölkənin inkişafında Avropa İttifaqının rolunu xüsusilə qeyd edib. Avropaya inteqrasiya prosesində Avropa Şurasının 12 prioritetinin yerinə yetirilməsinin vacibliyinə diqqət yetirilib.

Laşa Xutsişvili Aİ səfirini iqtisadiyyatdakı mövcud vəziyyət, 2022-ci il üçün yenilənmiş makroiqtisadi parametrlər barədə məlumatlandırıb. Söhbətdə Ukraynada davam edən hərbi əməliyyatların regiona və dünyaya təsirinə də toxunulub. Söhbətdə Aİ-nin qonşuluq siyasəti çərçivəsində müəyyən edilmiş flaqman layihələrə və dövlət maliyyəsinin idarə olunması strategiyasının yenilənməsinin gedişatına da toxunulub.

Görüşün sonunda Pavel Herçinski fəal əməkdaşlığa hazır olduğunu bildirib.

Bu barədə məlumatı Maliyyə Nazirliyinin mətbuat xidməti yayır.