Laşa Xutsişvili İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yüksək səviyyəli panel müzakirəsində iştirak edib
Laşa Xutsişvili İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yüksək səviyyəli panel müzakirəsində iştirak edib

 
İspaniyanın Sevilya şəhərində Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi Məqsədləri üçün Şəffaflıq və İnformasiya Mübadiləsi üzrə Qlobal Forumunun 15-ci illik plenar iclasında iştirak edib.

Maliyyə Nazirliyindən verilən məlumatda görüş çərçivəsində “Şəffaflıq və məlumat mübadiləsinin cari və yeni çağırışlarının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli panel müzakirəsinin keçirildiyi və müzakirədə Gürcüstanın maliyyə naziri ilə birlikdə İspaniyanın maliyyə naziri Maria Xesus Monteronun, Samoanın vitse baş naziri Tuala Tevaqa İosepo Ponipasio və Avropa İttifaqının Beynəlxalq Əməkdaşlıq üzrə komissarı Yuta Urpillainenin iştirak etdiyi deyilir. Müzakirəyə İƏİT-in Vergi Siyasəti və İdarəsi Mərkəzinin direktoru Qreys Perez Navarro moderatorluq edib.

“Laşa Xutsişvili pandemiyadan sonrakı iqtisadi çağırışlardan, eləcə də bu çağırışların aradan qaldırılması prosesində vergi sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin rolundan danışıb. O, həmçinin Gürcüstanın qlobal forumla əməkdaşlığının uğurlu dinamikasına, şəffaflığın və informasiya mübadiləsinin qlobal standartının inkişafı baxımından ölkə tərəfindən həyata keçirilən islahatlara toxunub.

Qeyd etmək lazımdır ki, Gürcüstan 2011-ci ildən Vergi Məqsədləri üçün Şəffaflıq və İnformasiya Mübadiləsi üzrə Qlobal Forumun üzvüdür və vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum tərəfindən hazırlanmış beynəlxalq standartların tətbiqini uğurla təmin edir.

Hazırda, G20 və OECD-in bütün ölkələri də daxil olmaqla 165 ölkə Qlobal Forumun üzvüdür.

Forumda maliyyə naziri ilə birlikdə nazir müavini Mamuka Barataşvili, Vergi və Gömrük Siyasəti Departamentinin rəhbəri Marine Xurtsidze iştirak edirlər” -deyə Maliyyə Nazirliyinin məlumatında deyilir.